Terrorçuların hədislərdə vəsfi – IV Məqalə
1. 062 dəfə baxılıb
ALLAH, TERRORÇUNUN NƏ FƏRZ, NƏ DƏ NAFİLƏ İBADƏTLƏRİNİ QƏBUL ETMİR!
Ubadə ibn Əs-Samit (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bir mömini öldürər və özünün bu qətldə dögru iş tutduğunu düşünərsə Allah ondan nə fərz, nə də nafilə ibadət qəbul etməz» Əbu Davud rəvayət etmişdir.
TERRORÇUNUN TERRORU, ONUN CƏNNƏTƏ DAXİL OLMASINA MANE OLACAQ!
Cundub ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə cənnət arasında bir maneə olmamasına çalışırsa, sanki bir toyuq kəsirmiş kimi (günahsız insanı öldürüb) əlini bir ovuc qana bulamasın. O hər dəfə cənnətin qapısına yaxınlaşdıqca, bu qan onun cənnətə daxil olmasına mane olacaqdır. Həmçinin kim bacarsa qarnına yaxşı qidadan başqa bir şey aparmasın. Həqiqətən insanın birinci iylənən bədən hissəsi, onun qarnıdır» Təbərani və Beyhəqi rəvayət etmişdir.
TERRORÇU, CƏNNƏTİN İYİNİ DUYAN DEYİL!
Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim əhd bağlayan kafiri öldürərsə cənnətin iyini duymaz. Halbuki cənnətin iyi qırx illik məsafədən hiss olunur» Buxari rəvayət etmişdir və tərtibat ona məxsusdur. Nəsainin rəvayətində isə deyilir: «Kim zimmilərdən bir nəfəri öldürərsə cənnətin iyini duymaz. Halbuki cənnətin iyi qırx illik məsafədən hiss olunur».
ALLAH, TERRORÇUNU CƏHƏNNƏMƏ ATACAQDIR!
Əbu Səid və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: «Əgər göy və yer əhli bir nəfər möminin qətlində əlbir olsalar, Allah onların hamısını cəhənnəmə salar» Tirmizi rəvayət etmişdir.
TERRORÇU ÜÇÜN CƏHƏNNƏMDƏ ŞİDDƏTLİ ƏZAB VARDIR!
Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cəhənnəmdən bir neçə dəvə çıxıb danışacaq və deyəcəkdir: “bu gün mənə üç nəfər tapşırılıb.” Onlar: hər bir təkəbbürlü, başqa ilahı Allaha şərik qoşanlar və başqasını haqsız yerə qətlə yetirənlərdir. Sonra dəvə onların üzərinə atılacaq və onları cəhənnəmin dərinliklərinə tullayacaqdır.» Əhməd və Təbərani rəvayət etmişdir.
İNTİHAR EDİB TERROR TÖRƏDƏNƏ CƏNNƏT HARAMDIR!
Cundub (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Sizdən əvvəlki ümmətlərdə bir nəfər kişi yaralanmışdı. Ağrıya dözməyib bir bıçaq götürdü və əlini kəsdi. Qan axıb dayanmadığı üçün öldü. Uca Allah isə buyurdu: Bəndəm öz nəfsini mənə tez təslim etdi, Mən isə cənnəti ona haram etdim» Buxari və Müslim rəvayət etmişdir.
İNTİHAR EDİB TERROR TÖRƏDƏN KİMSƏ, CƏHƏNNƏMDƏ DİYİRLƏNƏCƏKDİR!
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özünü dağdan atıb intihar edərsə o, əbədi olaraq cəhənnəm odunda diyirlənəcəkdir. Kim zəhər içib özünü qətlə yetirərsə, zəhər əlində ola-ola əbədi olaraq cəhənnəmdə onu içəcəkdir. Kim özünü dəmir parçası ilə öldürərsə, cəhənnəm odunda əbədi qalaraq əlindəki dəmir parçası ilə qarnına batıracaqdır» Buxari və Müslim.
Digər hədisdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim özünü asarsa, cəhənnəmdə də özünü asar, kim də özünü yaralayıb öldürərsə, cəhənnəmdə də özünü yaralayar» Buxari rəvayət etmişdir.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb