Terrorçuların hədislərdə vəsfi – I Məqalə
9. 320 dəfə baxılıb
TERRORÇU, MÜSƏLMANLARDAN SAYILMIR
İbn Ömər (Allah ondan razı olsun) adlı məşhur səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bizə qarşı silah qaldırarsa bizdən deyildir» Buxari və Müslim rəvayət etmişdir.
İbn Məsud (Allah ondan razı olsun) adlı digər səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür» Buxari və Müslim rəvayət etmişdir.
Haris əl-Əşari (Allah ondan razı olsun) adlı səhabə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim camaatdan bir qarışlıq üz döndərərsə, geri qayıdana qədər boynundan İslam bağını açmış sayılır». Tirmizi rəvayət etmişdir.
Onuncu əsrdə yaşamış Xəttabi (Allah ona rəhmət etsin) adlı məşhur islam alimi (931-988) demişdir: “Hədisdə deyilən bağ, heyvan qaçmasın deyə onun boynuna bağlanan çatı və ya kəndir mənasındadır. Yəni, kim camaat üzərində başçılıq edən rəhbərin itaətindən çıxar, yaxud hamının məqbul saydığı bir işdə onlardan üz çevirərsə artıq zəlalətə düşmüş və həlaka düçar olmuşdur. Belə halda onun timsalı, boynunda çatısı olmayan heyvan kimidir. Çünki belə heyvanın itmə, yaxud həlak olma ehtimalı yüksəkdir.
TERRORÇU, BÖYÜK GÜNAHLARDAN BİRİNƏ SAHİBDİR
Əbu Hureyrə (Allah ondan razı olsun) adlı məşhur səbahə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:«Yeddi həlakedici böyük günahlardan qorunun!»
Orada olanlar dedilər: Ey Allahın elçisi, həmin günahlar hansılardır?
O dedi: «Allaha şərik qoşmaq, sehr etmək, Allahın qətlini haram etdiyi kimsəni haqsız yerə öldürmək, yetimin malını mənimsəmək, sələm yemək, döyüş günü meydandan qaçmaq, zinadan bixəbər, namuslu və mömin qadınları zinada ittiham etmək» Buxari və Müslim rəvayət etmişdir.
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb