Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Uşaqlarla mərhəmətli davranış Allahın mərhəmətini qazanmağın yoludur

Avqust 02
18:33 2016

“Sələf Xəbər” www.abdurrahman.org saytına istinadən uşaqlara mərhəmət göstərməyin Allahın mərhəmətini qazanmağın yolu olduğu barədə məqaləni təqdim edir:

Mərhəmət etməyənə, mərhəmət olunmayacaq

Əbu Hureyrədən nəql edilir ki, bir dəfə Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Əqra ibn Habisin yanında Hüseyni öpdü. (Bunu görən) Əqra dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Mənim on övladım var, amma onlardan heç birini öpməmişəm”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona baxıb dedi: “Rəhm etməyən kimsəyə rəhm edilməz”. (Səhih əl-Buxari, 426/10)

Əbu Yəla Şəddəd bin Əus (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən də Allah hər şeydə ehsanı yazmışdır. Öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın”. (Müslim 1955)

“Əl-ihsan” – ərəb dilində hər hansı bir əməli mükəmməl şəkildə, ixlasla yerinə yetirməkdir. İslam şəriətində “əl-ihsan” barəsində Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə izah edir: “(Ehsan) Allaha onu görür kimi ibadət etməkdir. Sən Onu görməsən də, O səni görür”. İbn Rəcəb Şəddəddən rəvayət olunan hədis barəsində deyib: “Bu hədis bütün əməlləri ixlasla yerinə yetirməyin vacibliyinə dəlalət edir”. (Cəmiəl-Ulum 151)

Uşağa göstərilən mərhəmət təzahürlərindən biri onu öpməkdir: Aişə (Allah ondan razı olsun) deyib: “Bir dəfə bir bədəvi Peyğəmbərin yanına gəlib dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Amma biz onları öpmürük.” Peyğəmbər dedi: “Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürmüşsə, ona mən nə edə bilərəm?”” (əl-Buxari, 426/10)

Umeyr ibn İshaq rəvayət edir ki, bir dəfə mən Əlinin oğlu Həsənlə yol gedərkən Əbu Hureyraya rast gəldik. “Əbu Hureyra Həsənə yaxınlaşıb dedi: “Köynəyini aç Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) öpdüyü yerdən öpüm”. Həsən köynəyini açdıqda Əbu Hureyra onun göbəyindən öpdü”.

Uşağa göstərilən mərhəmət təzahürlərindən biri də namazda ikən onu qucağına almaqdır. Əbu Qatədədən nəql edilir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Uməmə bint Əbil-As bin ər-Rabi çiynində ikən yanımıza gəldi. Sonra namaz qıldı. Səcdəyə gedərkən onu yerə qoyur, qalxarkən götürərdi”.(Səhih əl-Buxari)

Abdullah bin Şəddad (Allah ondan razı olsun) atasından rəvayət edir: “Rəsulullah (Allahın ona salavat və salamı olsun) iki axşam (məğrib və ya işa) namazından birində yanımıza gəldi. Həsən və Hüseyn belində idi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qabağa keçib uşaqları yerə qoydu, təkbir deyib (Allahu Əkbər) namaza başladı. Namaz vaxtı səcdəsi çox uzun oldu. Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belində uşaq oturub. Və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda Rəsulullahdan (Allahın ona salavat və salamı olsun) soruşdular: “Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyni zənn etdik!” Cavab verdi: “Xeyir, bunlardan heç biri olmadı. Lakin oğlum belimə mindi. Mən özü düşənə qədər düşürməyi uyğun bilmədim””. (ən-Nəsai; İftitah, 83 (2, 229, 320, şeyx Muqbil səhih olaraq təsnifatlaşdırıb)

Kiçik uşaqlara göstərilən mərhəmətin təzahürlərindən biri onlarla oynamaqdır

Umm Xalid bint Xalid rəvayət edir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) paltar gətirmişdilər, bunların arasında ipəkdən hazırlanmış xamisə kimi tanınan bir kiçik qara əlbisə var idi. “O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Səncə, bunu kimə versəm yaxşı olar?” Ətrafdakılar sükut içində idilər və sonra o (Ona Allahın salavatı və salamı olsun) dedi: “Umm Xalidi yanıma gətirin”. Və onu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gətirdilər (onun olduqca gənc olduğuna dəlalət edir). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əlbisəni əlinə götürdü və onun əyninə geyindirərək dedi: “Köhnələnə qədər bunu gey”. (yəni o qədər uzun ömür yaşayasan ki, paltarın əynində köhnəlsin) Əlbisənin üstündə yaşıl və ya sarı ləkə var idi və o (Ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Umm Xalid, bu “sənah”dır””. (Sənah-Həbəşi (Efiopiya) dilində qəşəng deməkdir) (Səhihi Buxari 425/10 (5375))

Mahmud İbn ər-Rabi demişdir: “Mən beş yaşında olanda Allah Rəsulu (Ona Allahın salavatı və salamı olsun) evimizdəki su tuluğundan ağzı ilə su götürüb üstümə çilədi”. (Buxari, “Elm”, 18) Əl-Həfiz demişdir: “Məcc- ağızdan su püskürməkdir”. Məcc -yalnız uzaq məsafədən edilən hərəkətə şamil olunur. Bu, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Mahmudla oynaması və ya onun üçün xeyir-bərəkət diləməsi idi. Necə ki, o bunu səhabələrin digər uşaqları ilə edirdi. Ənəs (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) rəftar və əxlaqca insanların ən üstünü idi. Mənim bir qardaşım var idi və biz onu Əbu Ümeyr deyə çağırırdıq. Güman edirəm, qardaşın təzə-təzə südəmərlik yaşını ötmüşdü və nə vaxt ki göründü Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona deyərdi: “Ey Əbu Ümeyr, nuğeyr nə etdi?”” (Nuğeyr kiçik bir quş idi və Ümeyr onunla oynayırdı) (Səhih əl-Buxari 526/10)

Bundan əlavə, uşaqlara mərhəmət göstərməyin digər yolları uşağı dizinin üstündə otuzdurmaqdır. Üsamə ibn Zeyddən (Allah ondan razı olsun) rəvayət olunur: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Üsaməni Həsənlə bərabər qucağına alardı və “Allahım, mən bunları sevirəm, sən də bunları sev”- söyləyərdi”. (Səhih əl-Buxari 434/10)

Odur ki, bütün bunlar onu göstərir ki, kiçik uşaqların ehtiyacı olan və ya onları əyləndirəcək məsələlərdə onlarla mehriban olmaq lazımdır. Bu, onlara mərhəmət və sevgi göstərməyin yollarıdır. Lakin hər şey uşaqda ədəbsiz davranışı təşviq etməyəcək bir ölçüdə edilməlidir.

Həqiqətən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Qureyşli qadınları tərifləyib, çünki onlar təqdirəlayiq cəhətlərə malik idilər və uşaqlarına olan bağlılıqları bundan irəli gəlirdi. “Dəvə üzərində oturmuş ən xeyirli qadınlar Qureyşli qadınlardır. Bu qadınlar körpə uşağa nəvazişlə baxar, öz ərinə gözəl xidmət göstərərlər”. (Buxari, 511/9).

Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) buyurub: “Qadınların ən xeyirliləri, dəvəyə minən Ərəb qadınlarıdır. Qureyş qadınlarının ən xeyirliləri isə kiçik uşağına şəfqət göstərən və ərinin malını qoruyub nəzarət edən qadınlardır”. (Buxari 5173, Müslim 2527/201, Humeyd 1047, İbni Hibban 6268, Bəqavi 3965, Əhməd 2/269)

Uşaqlara mərhəmət göstərmək Allahın mərhəmətini qazanmaq üçün olan səbəblərdəndir.

Həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi rəvayət edilir: “Əbu Umamə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzə hörmət göstərməyən bizdən deyildir””. (Buxari).

Umm Abdullah əl-Vəədiyyə, “Qadınlara nəsihət” məqaləsi.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən tərcümə olunub

Digər xəbərlər