Səhər tezdən oyanmağın 6 səbəbi sizi çox uğurlu edəcək
3. 643 dəfə baxılıb
“Sələf Xəbər” businessinsider.com-a istinadən bildirir ki, səhər erkən durmaq sizi daha xoşbəxt və vaxtınızı daha səmərəli edə bilər.
Dəfələrlə sübut olunub ki, həyatda uğur qazanmış insanların əksəriyyəti günə erkən başlayanlardır. Siz hələ yataqda uzanarken səhər yürüşünə çıxanlar uğurlu həyatın sirlərinə yiyələniblər.
Yuxudan erkən oyanmaq və gələcəkdə uğur qazanmaq arasında hansı əlaqə var? Siz hələ naharınızı etməmiş günə uğurla başlamış insanların sirri nədədir? Erkən oyanmağın uğurlu səbəblərini sadalamazdan əvvəl, gəlin əvvəlcə bəzi insanların niyə günəşin ilk işıqları ilə yataqdan qalxdığını araşdırmağa çalışaq:
Niyə bəzi insanlar erkən oyanır?
Niyə bəziləri günəşin doğmasından narahatlıq keçirir, bəziləri isə onun doğuşunu açıq gözlə qarşılayır? İlk əvvəl onu deyək ki, bizim yuxu sikllərimiz sirkad saatlarla, nə zaman oyanacağımızı və gecə yuxuya nə zaman gedəcəyimizi müəyyən edən daxili bir mexanizmlə tənzimlənir. Müasir texnologiya və süni işıqlandırma sirkadian ritmimizi bir balaca pozub. Odur ki, mütəxəssislər yatmazdan əvvəl kompüter qarşısında oturarkən parlaq ekran işığına çox məruz qalmamağı tövsiyyə edir.
Əgər siz sübh çağı özünüzü yataqdan qaldıra bilmirsinizsə, kefinizi pozmayın. Çox güman ki, siz “gecə bayquşu” kateqoriyasına daxilsiniz. Araşdırmalar göstərib ki, dünyadakı insanların təqribən 10%-i “erkən quşlar”, 20%-i isə “gecə bayquşlarıdır”. Bu, xronotip adlanır və hər səhər saat zənginin dəfələrlə çalmasına baxmayaraq, yatmağa davam etməyinizin səbəbi məhz budur.
Erkən oyanmaq və uğur arasındakı əlaqə varmı?
Tədqiqatlar göstərir ki, gecə oyaq qalan insanlar, erkən oyanan insanlardan daha yaradıcı, bəzən hətta daha ağıllı olur, lakin səhər erkən duranların uğur qazanmasının bir əsas səbəbi var, bu da müasir cəmiyyətin tələbləridir. İş həyatımız bizi erkən oyanmağa sövq edir, “gecə bayquşları” hələ səhər yeməyəni yeməmiş “erkən quşlar” artıq işgüzar həyata atılır.
Erkən oyananların uğurlarının sirri
Xronotipinizin 50%-i genetik səciyyə daşısa da, günəşin şüaları ilə yuxudan oyanmağa münasibətinizi dəyişə bilərsiniz. Buna bir neçə səbəb var:
1. Səhərlər fikrimizi daha çox cəmləyə bilirik
Normal gün səs-küylü, tez keçir. Ailə, dostlarınız qarşısında öhdəlikləriniz, karyeranız, məktubla dolu ünvanlarınız və uzun-uzadı görüləcək işlər siyahısı. Şəxsi məsələlər siyahınızdan asanlıqla çıxa bilər – məsələn həsrətlə oxumaq arzusunda olduğunuz kitab, çoxdandır planlaşdırdığınız səhər yürüşləri və s. Halbuki, bu şəxsi məsələlər sizə stressdən qurtulmağa və özünüzə vaxt ayırmağa kömək edə bilər. Əksər insanlar üçün bütün bunlara işdən sonra yox, səhərlər vaxt ayırmaq daha asandır. Ətrafda hər kəs sükut içində ikən, özünüzə ayırmağa daha çox vaxt və məkan tapmaq daha asandır.
2. Səhər idmanı qan dövranınızı yaxşılaşdırır
Məşqlər sağlamlığınız və ruh yüksəkliyiniz üçün çox faydalıdır, düzdür bəzən idmanı məşğul iş gününüzə heç cür sığışdıra bilmirsiniz. Əgər səhərlər yüngül gimnastika etsəniz, qaçışa və ya yüngül gəzintiyə çıxsanız, günə daha təravətli başlayacaq və dünyanı fəth eləməyə hazır olacaqsınız. Gün ərzində idmana vaxt ayırmaq, sizi daha məhsuldar edəcək, idmanla ayaqlarınızı möhkəmləndirərək karyera pillələrində daha asanlıqla irəliləyə bilərsiniz.
3. Uğurlu insanlar günə erkən başlayır
Erkən oynananlar bunun uğurun açarı olduğunu bilirlər, odur ki, həyatda uğur qazanma ehtimalları daha yüksək olur. Apple şirkətinin icraçı direktoru Tim Kuk səhər saat 4:30-da işgüzar məktublar yollayır, biznesmen Riçard Brenson təqribən səhər saat 5:45-də oyanır və Vogue jurnalının redaktoru Anna Vintur da həmin saatda tennis oynayır. Uğurlu insanlar işgüzar və şəxsi məsələlərlə məşğul olmaq üçün məhdud vaxta malikdirlər, odur ki, onlar günə erkən başlayırlar.
4. Siz daha məhsuldar olacaqsınız
2008-ci ildə Harvard universitetinin bioloqu Kristof Randler kəşf edib ki, erkən oynanan insanlar həm də daha fəaldırlar. Onlar gələcək üçün məqsədlər müəyyən etməyə “gecə bayquşu” yoldaşlarından daha çox zaman ayırırlar.
Erkən oyananlar gələcəyi düşünür və öz həyat şəraitlərini yaxşılaşdırmaq və bacarıqlarını inkişaf etdirmək üçün daim yollar axtarır. Fəallıq insanı daha da məhsuldar edir, çünki insan oturub kiminsə ona yeni tapşırıq verəcəyini gözləmir.
5. Səhər yeməyi üçün vaxtınız olacaq
Hər kəsə məlumdur ki, səhər yeməyi günün ən əsas yeməyidir. Bəs sizin yaxşı səhər yeməyinə vaxtınız olurmu? Və ümumiyyətlə səhər yeməyi yeyirsinizmi? Erkən oyananların səhərlər daha çox vaxtı olur, bu da o deməkdir ki, sağlam səhər yeməyi yeməməyə daha az bəhanələri olur. Harvard universiteti Səhiyyə Məktəbinin apardığı araşdırma nəticəsində məlum olub ki, səhər yeməyi yeməmək, ürəyin işemik xəstəliklərinin artmasına səbəb ola bilər, odur ki, yaxşı səhər yeməyinə zaman ayırmaq düşündüyünüzdən də vacibdir.
6. Daha xoşbəxt olacaqsınız
“Gecə bayquşlarına” sataşmaq olmasın, amma araşdırmanın nəticələri göstərib ki, erkən oyanan insanlar həm daha xoşbəxt, həm də daha sağlam olur. Sağlamlıq meyarı əsas stimuldur, odur ki, erkən oyanan insanlar səhər yeməyinə, özlərinə və idmana vaxt ayırmağa can atır.
Toronto Universitetində aparılan araşdırmaya əsasən, erkən oyanan insanların xoşbəxtlik səviyyəsi daha yüksəkdir. Xoşbəxtlik və iş performansı arasında yaxşı araşdırılmış bu əlaqəni nəzərə alsaq, erkən oyanan “quşların”, günə gec başlayan “gecə bayquşlarından” niyə daha yüksəkdə uçduğunu asanlıqla başa düşə bilərik.
Biz hələ isti yataqda mürgüləyərkən, erkən oyananlar artıq uğura açılan qapıların açarlarını tapmaqdadırlar. Odur ki, yuxu rejiminizi dəyişməyin, yuxu aludəçisi olmaqdan qurtulmağın və günə erkən başlamağın karyeranız üçün nə qədər mühüm olduğunu anlamağın zamanıdır.
Sələf Xəbər: Müsəlmanın, gününü sübh namazı ilə başlaması bir daha sübut edir ki, Allahın bütün əmrlərində bilmədiyimiz saysız hikmətlər və xeyirlər vardır.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümməti üçün etdiyi dualardan birində belə demişdir: “Allahım, ümmətimin səhərini bərəkətli et!” (Tirmizi).
Səhabələrin həyatları da erkən oyanmağın necə xeyirlər verdiyinə misaldır. Qeyd olunan hədisin rəvayətçisi olan səhabə Saxr əl-Ğamidi (Allah ondan razı olsun) ticarətçi idi, о öz karvanlarını həmişə səhər tezdən yola salırdı, və onun varı daim artıb çoxalardı.