İslama görə ətraf mühit və onu qorumaq
5. 852 dəfə baxılıb
Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, islamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.
Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq.
Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
Ətraf mühitə vurulan ziyan o qədər böyük ola bilər ki, bu hətta “Nisa” surəsindəki qadağaya belə şamil edilə bilər. Alla Subhanahu və Təala bu ayədə şeytanın insana nə əmr etdiyini göstərərək bundan uzaq olmağı əmr edir: “Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” (Müqəddəs Quran, “Nisa” surəsi, 119-cu ayə).
Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir.
Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).
Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.
Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).
Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).
Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!
“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb