Sələf Xəbər


İCMAL VƏ RƏY, MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Qazaxıstanda qarşıdurma və bu hadisələrin pərdəarxası – ŞƏRH

İyun 06
16:50 2016

Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışma gedir.

“Tengrinyus.kz” saytının yaydığı məlumatda deyilir ki, hüquq-mühafizə orqanları şəhərin 3 rayonunda – Filarmoniya, 5-ci mikrorayon və “Pallada” silah mağazasında əməliyyata başlayıb.
Bir dəstə silahlı şəxs şəhərin müxtəlif ərazilərində qarşıdurma yaratmağa cəhdlər ediblər. Deyilənə görə şəhərdəki silah mağazalarından birinə basqın edilib.
Hüquq-mühafizə orqanları əhalini küçələrə çıxmamağa çağırıb. Təxribatın qarşısını almaq məqsədi ilə ictimai yerlərdə insanlar təxliyə olunur.
Həmçinin məlumatlarda deyilir ki, bir qrup silahlı şəxs Milli Qvardiyanın hərbi hissəsinə hücum edib. Hücum zamanı iki hərbçi həlak olub, doqquz nəfər isə yaralanıb. Hücum edənlərin üçü öldürülüb, biri saxlanıb, digər biri isə yaralanıb. Bir neçə quldur isə gizlənməyə müvəffəq olub.

Bəs görəsən bu hadisələrin arxasında kim dayanır?
Bu sualı ukraynalı politoloq Sergey Taran məntiqli cavablandırmışdır.
Ukraynalı politoloq Sergey Taran özünün Feysbuk səhifəsində söyləyib:
“Hamı Rusiyanın Qazaxıstanda Ukrayna ssenarisini təkrarlayacağını düşündüyü bir zamanda Suriya ssenarisi tətbiq olunmağa başladı.”
Politoloqun sözlərinə görə, Rusiya Suriyada olduğu kimi, Qazaxıstanda da çalışacaq ki, sülhməramlı və stabilliyin zəmanətçisi rolunda çıxış etsin:

“Bu ssenaridə aydın uyğunsuzluqlar var. Birincisi, Qazaxıstan Suriyadan fərqli olaraq dünyəvi dövlətdir və burada islamçıların sosial bazası böyük deyil. İkincisi, qonşu Çin Kremlin burada oynayacağı yeni oyunu səssiz müşahidə etməyəcək. Ona görə də Qazaxıstanın hələlik Suriya ssenarisindən qaçmaq şansları var. Bu, Nazarbayevin sağlığı və şəxsi azadlığının dərəcəsindən asılı olacaq”.

Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).

Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)

Digər xəbərlər