15 əsgər terrorun qurbanı oldu – Ərdoğan: “Bunun əvəzini çox ağır ödəyəcəklər”
784 dəfə baxılıb
Yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.
Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.
Nəticədə şəhid və yaralıların olduğu bildirilir.
Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.
Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.
“Reuters” xəbər agentliyi isə terror nəticəsində 15 əsgərin şəhid olduğunu yazıb.
Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.
Agentlik hadisədə yaralanan əsgərlərdən 6-nın Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirildiyini də qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-da axşam Hakkari vilayəti ərazisində, Dağlıca zastavasında çoxlu sayda əsgər və zabitin şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.
APA-nın digər xəbərinə görə, R. T. Ərdoğan ATV və “A Haber” kanallarının canlı yayınında hadisədən üzüldüyünü və terrorçuların bunun əvəzini çox ağır ödəyəcəklərini bildirib: “Olay Dağlıcada aparılan təmizlik zamanı minaların ard-arda partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin verdiyi məlumatlar üzücüdür. Hazırda orada çətin hava şəraitində əməliyyatlar davam edir. Hamımızın başı sağ olsun, Allah səbir versin”.
R. T. Ərdoğan əməliyyatların başladığı gündən bu yana 2 minə yaxın PKK-çının məhv edildiyini və terrorçuların Dağlıca hadisəsinin əvəzini də çox ağır ödəyəcəklərini söyləyib. O, Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edib.
Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Türk ordusu Dağlıcada xain hücumdan sonra apardığı əməliyyat nəticəsində PKK terror təşkilatının 250-yə yaxın üzvünü mühasirəyə alıb.
Yerli qəzetin məlumatına görə, PKK-nın dünən Hakkaridə gerçəkləşdirdiyi qanlı hücumdan sonra türk ordusu bölgədə geniş əməliyyatlara başlayıb.
Dumanlı hava şəraitinə baxmayaraq, terrorçuların təqibi davam etdirilib və Cilo dağında (Hakkari vilayətində) gizlənən 250 terrorçu helikopterlərin də köməyi ilə mühasirəyə alınıb.
Hazırda bölgədə əməliyyatların davam etdiyi bildirilir.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)
XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)