Almanlar məscidlərə nə üçün axın etdi
977 dəfə baxılıb
Almaniyada “Milli Birlik Günü” bayramı ilə əlaqədar olaraq “Açıq Məscid Günü” keçirilib.
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, Almaniyada yüzlərlə məscid həftə sonu qapılarını qeyri-müsəlmanlar üçün açıb. Gələn qonaqlar İslam dini haqqında maarifləndirilməklə yanaşı, onları maraqlandıran bir çox suallara cavab tapıb.
Köln Müsəlmanlar Koordinasiya Şurası tərəfindən keçirilən “Açıq Məscid Günü” tədbirinin təşkilində Almaniyanın Ailə Məsələləri Üzrə naziri Manuela Schwesig də iştirak edib. Almaniya Müsəlmanları Mərkəz Şurasının məlumatına əsasən, kampaniya 1000-dən çox məscidi əhatə edib.
Xatırladaq ki, “Açıq Məscid Günü” tədbirləri Almaniyada1997-ci ildən başlayaraq keçirilir. Son zamanlar Avropada müsəlman qaçqınların sayının artmasına görə, bu il keçirilən tədbir həmişəkindən daha böyük əhəmiyyət kəsb edib.
Belə ki, ölkələrində minlərlə müsəlman qaçqınla qarşılaşan bir çox alman İslam və onun adət-ənənələri, o cümlədən müsəlmanlar haqqında daha çox bilik və məlumat öyrənmək üçün məscidlərə gəliblər.
Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 125-ci ayə)
“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.
Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”)Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar.” (Muslim).