Azad ticarət zonası ilə bağlı müqavilə imzalandı
765 dəfə baxılıb
Bu ilin 7 ayı ərzində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında ticarət dövriyyəsi 40% artıb.
Selefxeber.az-ın məlumatına görə “APA-Economics” bildirir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev“DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimlə görüşü zamanı bildirib.
Ş. Mustafayev bu gün İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “Economic Zones World FZE” şirkəti arasında Ələt qəsəbəsində yaradılan azad ticarət zonasına dair sazişin imzalanması mərasimində qeyd edib ki, tranzit daşımaları həlqələrindən biri Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.
“İlin sonuna qədər limanda iki yanalma körpüsü inşa olunacaq. Ümumilikdə, limanda 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur. Burada azad ticarət zonasının yaradılması üçün dünyanın məşhur “DP World” şirkəti seçilib. Bu şirkət ən böyük konteyner limanlarının operatorlarından biridir. 40-dan çox ölkədə 77 limana sahibdir. Biz bu şirkəti seçərkən BƏƏ ilə Azərbaycan arasında olan münasibətləri nəzərə almışıq”, – deyə nazir əlavə edib.
“DP World” şirkətinin rəhbəri isə Bakı limanında azad ticarət zonasının yaradılması ilə bağlı son aylar mühüm işlər görüldüyünü bildirib: “Bakı yaxşı inkişaf etmiş dəmir yolu sisteminə malikdir. Bakıda azad ticarət zonasının yaradılması üçün hər bir infrastruktur var. Ələtdə azad ticarət zonasının yaradılması əlavə biznes dəyərinin inkişafı üçün lazım olacaq. Bakını Avrasiya bağlantı zonasına çevirmək istəyirik. Bakı limanını biznes üçün zərurətə çevirmək istəyirik. Necə ki, Dubayı belə etdik”, – deyə icraçı direktor qeyd edib.
Tədbirin sonunda imzalanma mərasimi baş tutub. Sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “DP World” şirkətlər qrupunun sədri, icraçı direktoru Sultan Əhməd bin Sulaim imzalayıblar.