Azərbaycan-Tacikistan əməkdaşlığı müzakirə edilib
852 dəfə baxılıb
Azərbaycanın Tacikistandakı Səfirliyindən AzərTAc-a bildirilib ki, Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra sahələr – əlvan metallurgiya, aqrar sənaye, energetika, nəqliyyat-kommunikasiya, neft və neft emalı sahələrində əməkdaşlıq, hidroenergetika və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Düşənbə-Bakı birbaşa aviareysinin bərpasının, Tacikistanın gələcəkdə Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması məsələlərinin vacibliyi qeyd edilib.
Tərəflər, bu ilin ikinci yarısında Düşənbədə Azərbaycan sənaye və ərzaq məhsulları sərgisinin keçirilməsi, Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun, eləcə də Azərbaycan-Tacikistan iqtisadi-ticarət, mədəni əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının üçüncü iclasının təşkili məsələlərini müzakirə ediblər.