“Əl-Həram” məscidində wi-fi olacaq
730 dəfə baxılıb
“Sələf Xəbər”in “Al-Arabiyya”ya istinadən məlumatına görə, bundan sonra Məkkəyə gələn zəvvarlara “Əl-Həram” məscidinin həyətində pulsuz wi-fi xidməti təqdim olunacaq.
Hər iki Müqəddəs Məscidin işləri üzrə idarə məmuru Bandar Al- Kuzaim bildirib ki, zəvvarlar wi-fi vasitəsilə onlayn dini təlimatlandırma və zəruri informasiya əldə edə biləcəklər.
Eləcə də Mataf ərazisində (müqəddəs Kəbənin ətrafında təvaf sahəsi) zəvvarların təvaf zamanı neçə dəfə dövrə vurduqlarını bilmələri üçün Bluetooth xidməti də təqdim olunacaq. Bu xidmətlər Məkkənin Umm əl- Qura Universitetinin texnoloji yenilik mərkəzi ilə əməkdaşlıq nəticəsində həyata keçiriləcək.
Həmçinin “Əl-Həram” məscidinə gələn zəvvarlara iftar vermək istəyənlər öz müraciətlərini elektron ərizə ilə bildirərək iftar yeməkləri də sifariş edə biləcəklər.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 96,97-ci ayələr)
“Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülhəramın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur.
Məscidülhəramın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini məcburiləşdirmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)