Ərdoğan dünyaya səsləndi: “ Suriya müharibəsinə odun daşıyanlar…”
827 dəfə baxılıb
“Terror bəhanəsi ilə Suriya üzərindən oyunlar qurub, qazanc əldə etdiklərini düşünənlər qısa müddətdə səhv yolda olduqlarını görəcəklər”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə iş adamları ilə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, həmin ölkələrə xəbərdarlıq edib:
“Terror təşkilatları qarşısında ikili mövqe sərgiləyən bütün ölkələrə xəbərdarlıq edirəm. Bir çox adamın analizlərlə idarə etməyə çalışdığı bu böhranla biz hər gün qarşı-qarşıyayıq. Suriya müharibəsinə odun daşıyan hər kəs tezliklə özünü o atəşin içindən xilas edə bilməyəcək. Bu dostyana bir xəbərdarlıqdır. Suriyada 370 min insan alçaq şəkildə öldürülən zaman beynəlxalq təşkilatlar səslərini çıxartmadılar. İnsanların ölümünün qarşısını ala biləcəkləri halda heç bir şey etməyən qüvvələr bu qətllərdə günahkardır. Gəlin, Suriyada terrorçulardan təmizlənmiş və uçuşa qadağan olan bölgəni quraq. Beləliklə də qaçqın problemini aradan qaldıraq”.
Ərdoğan dünyanın taleyinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün əlində olmasına da etirazını bildirib:
“Dünyada 200-dən çox ölkə var. Bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün ağzından çıxan sözlərə məhkum edilə bilməz. Sözügedən 5 ölkədən 3-ü Avropa, biri Asiya, biri isə məlum olduğu kimi ABŞ-dır. Bəs digər qitələri hansı ölkələr təmsil edir? Bu ədalətsizlikdir”.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allah buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, əl-İnşirah sürəsi, 5-ci ayə)