İŞİD-in sirləri ələ keçirildi
1. 103 dəfə baxılıb
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının daxili strukturu ilə bağlı məlumatlar ABŞ kəşfiyyatının əlinə keçib.
Məlum olub ki, mayın 16-da Suriyada keçirilən xüsusi əməliyyat zamanı terrorçulara məxsus xeyli notbuk, mobil telefonlar və digər informasiya daşıyıcıları ələ keçirilib. Əldə olunan məlumat sayəsində mayın 31-də İŞİD terror xəvaric qruplaşmasının liderlərindən biri olan Əbu Həmidi zərərsizləşdirmək mümkün olub. Lakin İŞİD terror xəvaric qruplaşmasının təmsilçiləri onun öldüyünü təsdiq etməyiblər.
Həmçinin İŞİD terror xəvaric qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yerinin müəyyən edilməməsinin səbəbləri bəlli olub. Belə ki, o, elektron rabitə vasitələrindən təmasdan qaçdığı üçün onun yerini tapmaq hələlik mümkün olmayıb. Əl-Bağdadi qruplaşmanın regional liderləri ilə toplantıları Suriyanın Raqqa şəhərində yerləşən mənzil-qərargahında keçirir. Həmin şəxslər ora gedərkən özləri ilə mobil telefonları gətirmirlər.
O da məlum olub ki, İŞİD terror xəvaric qruplaşması liderlərinin həyat yoldaşları məlumatların ötürülməsində vacib rol oynayırlar. Onlar öncə bir-birilərinə, sonra isə öz ərlərinə məxfi məlumatlar ötürürlər.
Sələf Xəbər: XX əsrin məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)