Kral Salman: “Biz məzhəbçilik və fitnəni rədd edirik!”
1. 187 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz çərşənbə günü Müqəddəs Ramazan ayının başlanması ilə əlaqəli çıxışında deyib: “Allahın köməyi ilə biz ölkəmizi və xalqımızı fitnə, qarışıqlıq və məzhəb gərginliyindən qoruyacağıq”.
“Sələf Xəbər”in “Al-Arabiyya”ya istinadən məlumatına görə, Kral Salman məzhəb ayrı-seçkiliyi salaraq xalq arasında fitnə yayan və birliyi pozanlara qarşı tədbirli olduğunu bildirib. Ölkəsinin vətəndaşlarına güvəndiyini söyləyən kral, səhlənkarlıq edərək dini və milli dəyərləri pozmağa çalışanların məsuliyyətə cəlb olunacaqlarını da qeyd edib.
“Müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları gün doğandan gün batana kimi yemək və içməkdən çəkinərək oruc tutur, ibadət edirlər. Lakin Ramazan ayında bunlarla yanaşı dini və peşə öhdəliklərini də artırmaq lazımdır. Dinimiz sevgi və mərhəmət dinidir. O, bizi ayırmağa yox, birləşdirməyə təşviq edir. Bizim dinimiz zorakılıq və terrorun əleyhinədir”, – deyərək, Kral Salman çıxışını yekunlaşdırıb.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir və cərəyanlara və təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini, və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir”. (Əhməd)
İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)
Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.
“Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!