Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Mədinə Hava Limanı sınaqdan keçiriləcək – VİDEO

Aprel 01
20:47 2015

“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, Sivil Aviasiya üzrə Ümumi İdarə aprel ayında Mədinə şəhərindəki yeni Şahzadə Məhəmməd Bin Əbduləziz Beynəlxalq Hava Limanının sınaqdan keçiriləcəyi barədə məlumat yayıb.

Ümumi İdarənin buraxdığı press-relizdə yalnız cüzi təmir işlərinin qaldığı bildirilib. İdarə, həmçinin, sınaq uçuşu uğurlu şəkildə həyata keçirildikdən sonra açılış mərasimi təşkil etməyi planlaşdırır. Yeni hava limanının ərazisinin 4 milyon m2 olduğu bildirilir. Rəsmi şəkildə açıldıqdan sonra, hava limanı il ərzində 8 milyon sərnişini qəbul edəcək.

Sınaq uçuşu hava limanı və onun qurğularının beynəlxalq standartlara cavab verdiyinə əmin olmaq üçün həyata keçiriləcək. Hava limanının 153 min m2 ərazisi gələn və gedən sərnişinlərin gözləmə zalları üçün nəzərdə tutulub. Həmçinin, hava limanı 32 körpü ilə əlaqələndirilən 16 gediş qapısına malik olacaq. Press-relizdə, həmçinin, hava limanında biletlərin yoxlanılması üçün 64 məntəqə və 24 özünəxidmət məntəqəsinin olacağı qeyd edilib.

Həcc mövsümü zamanı, 16 əlavə özünəxidmət məntəqəsi quraşdırılacaq. Zəvvarlar üçün ümumi sahəsi 105 min m2 olan 6 gözləmə zalı nəzərdə tutulub. Həmçinin, avtobuslar üçün 200 dayanacaq yeri, avtomobillər üçün 1500 dayanacaq yeri və kirayə avtomobillər üçün 200 dayanacaq yeri inşa edilib. Limanın ərazisində məscid və 3920 m2 sahəsi olan açıq məkan da olacaq.

Bu hava limanı Krallıqda tamamilə özəl sektor tərəfindən inşa ediləcək ilk hava limanı olacaq. Liman Taiba Holding Company, TAV Airports Holding Company, Al-Rajhi Holding Group və Saudi Oger Limited şirkətləri tərəfindən inşa edilib.
Həmçinin, yeni hava limanı ətraf mühitə dost dizaynı səbəbi ilə ABŞ sərhədlərindən kənarda Enerji və Ətraf Mühitin Dizaynında Liderlik (LEED) təşkilatının qızıl sertifikatına layiq görülən ilk hava limanı olacaq.

🎬

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Əvvəllər maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər