Məkkədəki faciə: Ölənlərə kompensasiya verilir və “Bin Laden” şirkəti bağlanır
993 dəfə baxılıb
Kral Salman qaldırıcı kranın aşması nəticəsində baş verən qəzada vəfat edənlərə kompensasiya verilməsi və inşaat işləri ilə məşğul olan Bin Laden şirkətinin fəaliyyətinin dayandırılması ilə bağlı əmr verib.
Səudiyyə Krallığının Divanı bəyan edir ki, 111 nəfərin öldüyü, 238 nəfərin yaralandığı faciənin səbəbini araşdıran ekspertlər belə qənaətə gəliblər ki, faciənin baş verməsində heç bir cinayət izi aşkar edilməmişdir. Hadisəyə səbəb əsən güclü külək və kranın düzgün istiqamətdə dayanmaması olub.
“Sələf Xəbər”in Alarabiyya.net-ə istinadən məlumatına görə, Krallıq Divanı bildirir ki, Kral Salman faciə nəticəsində ölən və əlil qalan hər kəsə bir milyon riyal (267.000 ABŞ dolları), digər növ xəsarət alan hər kəsə beş yüz min riyal (133500 ABŞ dolları) verilməsi barədə əmr imzalamışdır.
Divandan onu da bildiriblər ki, Kral Salman vəfat edənlərin iki nəfər ailə üzvünü, o cümlədən xəsarət aldığı üçün bu ilki həcc ziyarətini yerinə yetirə bilməyənləri gələn il üçün öz qonağı qismində həcc ziyarətinə dəvət edib.
Təhqiqatın nəticələri haqqında bəyanatda deyilir ki, hadisənin əsas səbəbi güclü külək olmuşdur. Səhv istiqamətdə dayandırılan kran külək əsməsi nəticəsində aşmışdır. İstehsalçının təlimatlarına düzgün əməl edilməməsi səbəbi ilə hadisə baş vermişdir. Belə ki, təlimatda deyilir ki, kran işi bitirdikdən sonra, yaxud güclü külək əsdikdə başlığı aşağı salınmalıdır. Başlığın havada asılı qalması səhvdir. Kranın iş fəaliyyətində digər nöqsanlar da aşkar edilmişdir. Belə ki, təhlükəsizliyə görə məsiliyyət daşıyan mütəxəssislər kranın təhlükəsizlik kitabçasında verilən göstərişlərə məhəl qoymamışlar. Təhlükəsizliyə görə hava proqnozu dəqiq izlənməli, küləkin sürətini yoxlayan cihaz işə salınmalı və digər təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır.
Müqavilə əsasında inşaat işləri ilə məşğul olan “Səudiyyə Bin Laden” şirkəti hadisənin baş verməsinə görə qismən məsuliyyət daşıyır və digər müqaviləçi “Kanzas” şirkətinin də fəaliyyətinə yenidən baxılmalıdır.
Kral Salman bin Əbdüləziz araşdırmanın nəticələrini istintaq idarəsinə təqdim etməyi və “Bin Laden” şirkəti barədə araşdırma aparmağı, cinayət tərkibli araşdırmanın nəticələrini məhkəməyə təqdim etməyi tapşırmışdır.
Bununla yanaşı tədqiqat başa çatana qədər “Bin Laden” şirkətinin məsul işçilərinin xaricə səfər etməsinə qadağa qoyulmuşdur. Həmçinin şirkətin ölkədaxili tenderlərdə iştirakı da qadağan edilmişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-cİ ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)