Peyğəmbər Məscidi: 100 il əvvəl və sonra – VİDEO – FOTO
1. 184 dəfə baxılıb
Peyğəmbər Məscidi və ya “Məscidi ən-Nəbəvi” dünyanın ən böyük məscidlərindən biri olub Məkkədə yerləşən “Məscidul-Həramdan” sonra ikinci müqəddəs məscid hesab edilir.
Peyğəmbər Məscidi ilk inşasında sadə tikili idi. Xurma kötüklərindən sütunları, xurma budaqlarından çardağı, daşlardan divaları vardı. Tam yanındakı ev hissəsi də (bugün qəbirdir) kərpicdən idi. Minbəri, mehrabı yox idi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Cümə xütbələrini minbər olmadığı üçün bir ağac kötüyünün üstündən oxuyurdu.
“Sələf Xəbər” İslam-today.ru-ya istinadən məlumat verir ki, zaman keçdikcə Peyğəmbər Məscidi hər dövrdə bir az daha genişləndirilərək öz əvvəlki görünüşündən fərqləndi.
Məsciddə ilk dəfə genişləndirmə işləri Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) tərəfindən aparılmış, daha sonra isə Ömər bin Xəttabın (Allah ondan razı olsun) xəlifəliyi dövründə sahəsi 3575 kvadrat metrə qədər böyüdülüb. Onun qərb hissəsinə “Babu-s-Salam” adlı yeni qapılar əlavə olunub.
Osman bin Əffanın (Allah ondan razı olsun) xəlifəliyi dövründə isə məscidin taxta sütunları daş sütunlarla əvəz olundu. Məscidin tavanı taxtadan inşa edildi, sahəsi isə bir az daha genişləndirildi.
Daha sonralar Əməvi hökmdarı Valid bin Əbdül Malikin hakimiyyəti zamanı Peyğəmbər Məscidində yenə dəyişiklik edilir. Belə ki, məscidin dörd küncündən minarələr ucaldılır. Misirdən ustalar gətizdirilərək mərmər və ornamentlərlə bəzədilir, sahəsi 7500 kvadrat metrə qədər genişləndirilir.
Abbasilərin hakimiyyəti dövründə artıq Peyğəmbər Məscidinin sahəsi 9300 kvadrat metrə çatırdı.
Məscidin ilk günbəzi isə Məmlükilər dövründə sultan Kalavunun hakimiyyəti zamanı inşa edilib.
Hicri təqvimi ilə 886-cı ildə ildırım vurması nəticəsində məsciddə yanğın olur. Bərpası zamanı yenə də məscid tədricən müəyyən dəyişikliklərə məruz qalır. Ən böyük dəyişiklik isə sultan Qaitbay hakimiyyəti zamanı baş verir. Belə ki, məscidin minarələrinin yenidən inşası zamanı məscidə beşinci minarə də əlavə olunur.
Peyğəmbər Məscidi XX əsrin əvvəllərində
Peyğəmbər Məscidi Osmanlı xəlifələrinin hakimiyyəti dövründə də diqqətdən kənar qalmır. II Muradın hakimiyyəti zamanı içərisində Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbri olan hücrənin üzərində daşdan qübbə ucaldılır və yaşıl rənğə boyanaraq “Qubbətul Xadra” (yaşıl qübbə) adlandırılır.
Məsciddə daha böyük dəyişiklik isə 400 il sonra Sultan Abdul-Məscidin hakimiyyəti dövründə baş verir. Türkiyədən gətirilmiş ustalar məscidin qərb divarı, mehrabın minbəri və əsas minarədən başqa demək olar ki, hər yerində bütünlüklə bərpa işləri aparırlar.
Osmanlı imperiyasının sonlarında Peyğəmbər Məscidi 10940 kvadrat metr sahəni əhatə edir, ordakı sütunların sayı isə 327-yə çatırdı.
Məsciddə sonrakı yenidənqurma işləri 1949-55 illərdə Səudiyyə hakimiyyəti tərəfindən həyata keçirilir. Məscid 16.300 kvadrat metrə qədər genişləndirilir.
Kral Fəhd bin Əbdüləzizin hakimiyyəti zamanı 1984-94-ci illərdə məscidin sahəsi 98.300 kvadrat metrə qədər böyüdülür. Onun 67,000 kvadrat metr sahəsi namaz qılmaq üçün ayrılır.
Bundan əlavə 235 000 kvadrat metr sahə məscidə əlavə olunaraq abadlaşdırılır.
Artıq Peyğəmbər Məscidində eyni vaxtda 650 000 nəfər ibadət edə bilir. Minarələrin sayı 10-a qədər artıb. Məscidin alt hissəsində isə avtomobillər üçün yeraltı dayanacaq tikilib.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mənim bu məscidimdə qılınan namaz, əl-Həram məscidindən başqa, digər məscidlərdə qılınan min namazdan xeyirlidir”. (Əhməd)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun), həmçinin buyurmuşdur: “Ancaq üç məscidi ziyarət etmək məqsədilə səfərə çıxılır: Məscidul-Haram (Məkkədə), Peyğəmbərin Məscidi (Mədinədə) və Məscidul-Aqsa (Qüdsdə)”. (əl-Buxari)