Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazanı keçirtmək üçün 3 ən yaxşı ölkə

İyun 22
15:07 2015

Ramazan ayı boyunca oruc tutan bir çox insan yayın uzun günlərini başa vurmaq və aclıq hissi ilə mübarizə aparmaq üçün gündüz saatlarında yuxulamağa üstünlük verdiyi halda, digərləri səyahət etməyi seçir. Bəs Ramazanı daha yaxşı keçirmək üçün hara getmək olar?

Ümrə ziyarəti ilin bütün fəsillərində, Ramazanda isə daha çox zəvvarın Məkkə və Mədinəyə gəlməsinə bir səbəbdir. Müsəlmanlar bu iki müqəddəs şəhərdə əldə etdikləri mənəvi təcrübədən başqa, həm də Ramazan ənənələrini özündə cəmləmiş, bəzədilmiş Məkkə şəhərinin gözəlliklərindən də zövq almış olurlar.

“Sələf Xəbər” “Al-Arabiyya”ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin verdiyi hesabata görə, hələ bu mövsümdə Məkkəyə gələn zəvvarların sayı 4.5 milyonu keçib. Lakin qızmar yay fəslində ölkədə temperaturun 65 dərəcəyə qədər yüksələcəyi xəbəri müsəlmanları Ramazanı başqa yerlərdə keçirtməyə məcbur edə bilər. Sinqapurun məşhur səyahət agentliklərindən birinin verdiyi açıqlamada bildirilir ki, bu səbəbdən müsəlmanlar Ramazan ayında daha çox üç istiqamətdə : Malayziya, Türkiyə və BƏƏ-yə səyahət etməyi seçirlər.

Malayziya

Turistlərin çoxu Kuala-Lumpur şəhərinin, əslində bir müsəlman metropolis şəhəri olduğundan xəbərsizdirlər. Malayziyanın Melaka, Johor və Kedaka şəhərlərində Ramazan ayının ilk günündən bayram əhval-ruhiyyəsi hiss olunur. Ölkənin hər yerində Ramazanda iftar süfrələrini ləziz təamlarla bəzəmək üçün xüsusi bazarlar təşkil olunur.

Ramazan ərəfəsində burada “bubur lambuk” adlı qaymaqlı düyü sıyığı bişirib paylamaq qeyri-adi Malayziya ənənəsidir. Sıyığa ət parçaları, kokos südü, ədviyyatlar əlavə edilərək yerli əhali arasında paylanılır. İrqindən, dinindən və sosial statusundan asılı olmayaraq, Malayziyada bu günə qədər qonaqlar üçün “açıq qapılar” ənənəsi davam etməkdədir. Ramazan ayı başa çatdıqda isə 3 gün ərzində evlər və küçələr işıqlarla bəzədilir, gözəl geyimlər geyinən malayziyalılar əsl Ramazan sevincini yaşayaraq bayram edir.

Türkiyə

Ramazan ayında Türkiyə özünün gözəl memarlıq tikililəri və məscidləri ilə müsəlman turistlər üçün ən cəlbedici yerlərdən biri olaraq qalır.
İstanbulda müsəlmanların ən çox iftar etdikləri məkan Sultanəhməd meydanıdır. Turistlər, xüsusən təravih namazlarından sonra dini söhbətlər dinləmək və tamaşaları seyr etmək üçün buraya axışırlar. Həmçinin, meydanda qurulan böyük iftar süfrləri də Türkiyənin Ramazan ənənələrindəndir. İftar etmək istəyən hər kəs öz sevincini süfrə arxasında müsəlmanlarla paylaşa bilər. Bundan başqa, şəhərin hər yerində satılan qovrulmuş şabalıd, qarğıdalı, kumpir (içi doldurulmuş bişmiş karof) və boza kimi içəcəkləri dadmaq klassik türk zövqü axtaran hər alıcı üçün mümkündür. Sahur vaxtında isə bütün şəhəri gəzən davulçular davul səsləri ilə müsəlmanları yemək və ibadətə oyadırlar.

Birləşmiş Ərəb Əmirlikləri

Ramazanda Müsəlman səyyahlar BƏƏ-ni seçərək zəngin bir Ramazan təcrübəsi əldə etmiş olurlar. Ramazanda Dubay şəhərində iftar yeməkləri üçün böyük çadırlar qurulur. Burada da BƏƏ-nin digər yerlərində olduğu kimi Ramazan ayında ənənəvi iftar yeməkləri təşkil olunur. Dünyanın ən hündür binası “Burc Xəlifə” restoranında isə xüsusi Ramazan menyusu tərtib edilir.

Yüksək temperatur səbəbiylə çimərliyə gedə bilməyənlər xizəksürmə mərkəzlərində istirahət edə bilirlər. Bundan başqa, alış-veriş məqsədilə böyük ticarət mərkəzlərini ziyarət etmək istəyənlər üçün də bu, yaxşı bir zamandır.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər