Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti Nəcran şəhərindəki partlayışı qınadı: “İŞİD cahil qruplaşmadır, bu nəinki müsəlman dövləti deyil, heç dövlət də deyil!”
1. 334 dəfə baxılıb
Böyük Alimlər Heyəti Nəcran şəhərinin Dahdə qəsəbəsində yerləşən “əl-Məşhəd” məscidində törədilmiş partlayışı kəskin şəkildə qınayan bəyanat yaymışdır.
Bu cinayəti ölkəni bölmək və əminamanlığına xələl gətirmək istəyənlərin uğursuz addımı kimi qiymətləndirmişdir. Əksinə bu kimi hadisələrin ölkə vətəndaşlarını öz rəhbərlərinə daha da yaxınlaşdırdığını bildirmişdir.
Böyük Alimlər Heyəti bir daha İŞİD terror xəvaric qruplaşmasının fikir və düşüncələrinin azğın olduğunu bildirmişdir. İŞİD islamdan və onun pak şəriətindən kənar olan terror qruplaşmasıdır. O islamın çağırışlarının əksinə çağırışlar edir. Bu qruplaşma islah etmir, ancaq fəsad törədir. İnsanlara xoşbəxtlik deyil, yalnız kədər gətirir.
Bəyanatda həmçinin deyilir ki, İŞİD terror xəvaric qruplaşmasının insan həyatına dəyərsiz yanaşması islama saymazlıq etməsinin bariz nümunəsidir. Çünki pak islam şəriəti insan həyatına olduqca böyük əhəmiyyət vermiş və nahaq qan axıdılmasının əleyhinə qərar vermişdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim ümmətimə qarşı çıxıb yaxşısını da, günahkarını da öldürər, mömini öldürməkdən ehtiyat etməz, əhdi olanın əhdini qorumazsa, o məndən, mən də ondan deyiləm!” (Səhih Muslim: 1848).
Böyük Alimlər Heyəti bir daha vurğulayıb ki, İŞİD cahil terror qruplaşmasıdır. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) aşağıdakı sözü onlara tam uyğundur: “Kim cahillik bayrağı altında vuruşaraq şəxsi mənafeyinə çağırar, yaxud şəxsi mənafeyinə kömək edərsə onun döyüşü cahiliyyət döyüşüdür!” (Səhih Muslim: 1850).
Bu qruplaşmanın təsisi və idarəçiləri məchul, tutduqları yol isə azğınlıqdır. Onların özlərini dövlət adlandırması və islam ləqəbi ilə ləqəbləndirməsi önəmsizdir. Bu dövlət deyil, qruplaşmadır, islami deyil cahiliyyətdir.
Qeyd edək ki, partlayış törədilən məsciddə şiyə məzhəbinə mənsub insanlar toplaşırmış.