Səudiyyə Ərəbistanı müftisi: “İŞİD gənclərdən istifadə edir”
920 dəfə baxılıb
“Əhli-sünnə qəddar rəftar və insanların öldürülməsi ilə əlaqələndirilə bilməz”.
“Sələf Xəbər” www.arabnews.com saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş Müftisi Şeyx Əbdüləziz əl-Şeyx İŞİD terror xəvaric qruplaşmasının İslam prinsiplərinə birbaşa zidd olan fitnəkar əməlləri ilə əhli-sünnə inanclarını və dəyərlərini təmsil etmədiyini vurğulayıb.
O bildirib ki, əhli-sünnə qəddar rəftar və insanların öldürülməsi ilə əlaqələndirilə bilməz. O, xüsusilə İŞİD terror xəvaric qruplaşmasının müqəddəs cihadı təhrif olunmuş şəkildə təfsir etməsinin və xilafət elan etmək üsullarının dini cəhətdən yolverilməz olduğunu və qan tökülməsini təşviq etdiyini vurğulayıb.
Əbdüləziz əl-Şeyx gəncləri din adı altında təsis edilmiş bu qruplaşmaya qoşulmaqdan çəkindirərək deyib ki, təşkilat öz qətllərini həyata keçirmək üçün o gənclərdən sadəcə istifadə edir. Əl-Şeyx İŞİD terror xəvaric qruplaşmasının törətdiyi əməllərin qəddarlığına və yolverilməzliyinə diqqəti cəlb edib və bu əməllərin təhqir olduğunu bildirib. O qeyd edib ki, bu cür əməllər saxta fətvalara əsaslanır.
Sosial mətbuatın insanların istismarında və fitnə-fəsadın yayılmasında böyük rol oynadığını bildirən müftinin sözlərinə əsasən, müsəlmanlar və müsəlman xalqları fitnə-fəsadı aradan qaldırmaq üçün bir bütöv rolunu oynamalıdırlar: “Hər bir müsəlman İslamı qorumaq üçün bütün səylərini əsirgəməməli və bu cür əməllərdən çəkinməlidir”.
Əl-Şeyx gənclərin Quran əzbəri qruplarına cəlb edilməsini təşviq etməyə çağırıb, çünki gənclərin rəsmi orqanların təşkil etdiyi yay düşərgələrinə cəlb edilməsi onların maarifləndirilməsində əhəmiyyətli və faydalı rol oynayır. O, həmçinin mətbuatı gəncləri bu cür terrorçu qruplaşmalara qoşulmağın zərərli nəticələri barədə maarifləndirməkdə daha böyük rol oynamağa çağıraraq qeyd edib: “İşsizliyin cinayətlərə, qaçaqmalçılıq və sapıq fikirlərin təşviq edilməsi kimi yanlış davranışlara səbəb olduğunu nəzərə alsaq, gəncləri daha çox işlə təmin etmək istiqamətində səylər artırılmalıdır”.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)