Səudiyyə Ərəbistanındakı terror aktını İŞİD törədib və terrorçunun kimliyini elan edib – FOTO
889 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Səudiyyə Ərəbistanında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, Nəcran şəhərində terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü bildirilirdi. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.
“Sələf Xəbər”in alarabiya.net saytına əsasən əldə etdiyi məlumata görə Səudiyyə Daxili İşlər Nazirliyi terror aktını törədən şəxsin kimliyini açıqlayıb. Bu 35 yaşlı Səəd Səid Səəd əl-Harisi adlı şəxsdir. İntiharçının avtomobili də hadisə yerində aşkarlanıb. Maşına baxış keçirən polis orada intiharçının ailəsinə ünvanladığı məktubu da aşkarlamışdır.
Alarabiyyanın məlumatına görə intiharçı əslən Səudiyyə Ərəbistanın Taif şəhərindəndir. O dörd il öncə ölkəsini tərk edib Livana, oradan da Suriyaya keçərək İŞİD qruplaşmasına qoşulmuşdur. Suriyadan qayıdan Səəd qeyri qanuni yolla sərhədi keçərək intihar hadisəsini törətmişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)