Türkiyə Prezidenti: “Ələvilik bir dindirsə, Tayyib Ərdoğan orada yoxdur”
1. 136 dəfə baxılıb
“Əgər Ələvilik Əlini (Allah ondan razı olsun) sevməkdirsə, məndən güclü ələvi yoxdur”.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada gənclərlə görüşü zamanı nitq söyləyərkən deyib.
“Avropada da Əlisiz (Allah ondan razı olsun) Ələvilikdən danışırlar. Əgər Ələvilik Əlini (Allah ondan razı olsun) sevməkdirsə, məndən güclü ələvi yoxdur . Ancaq Ələvilik bir dindirsə , Tayyib Ərdoğan orada yoxdur”.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir və cərəyanlara və təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir”. (Əhməd)
İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)
Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.
Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!