Türkiyədə dəhşətli terror aktı – VİDEO
1. 238 dəfə baxılıb
Ölənlərin sayı 27-yə çatıb.
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
Hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığını iddia edib.
Qeyd edək ki, Suriyanın Kobani şəhərinə yola düşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onların hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub. Əksəriyyəti kürdlərdən ibarət olan həmin gənclər bu gün keçirdikləri mətbuat konfransında müharibə nəticəsində dağılan Kobanidə bərpa işləri həyata keçirəcəklərini bəyan ediblər. Partlayış da mətbuat konfransı keçirilən zaman törədilib.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)