Ümrəyə gedən zəvvarlar Səudiyyədə daha çox qala biləcəklər
748 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti şahzadə Sultan bin Salman ümrəyə gələn zəvvarların ölkədə daha çox qala bilmələri üçün təşəbbüs irəli sürüb. Belə ki, ümrə ziyarəti üçün aldıqları vizaların vaxtı bitən zəvvarlar onları turist vizaları ilə əvəz edərək, krallıqda daha uzun müddət qala biləcəklər.
Şahzadə Sultan bin Salman bildirib ki, indi ümrə üçün gələn zəvvarlar Səudiyyə Ərəbistanı, İslamın tarixi yerləri və krallığın ticarət mərkəzləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Ümrə ziyarəti başa çatdıqdan sonra zəvvarlar marketinq, tibbi, mədəni və təhsil sahələri üzrə təşkil olunmuş turlarda iştirak edəcək, keçirilən sərgi və konfransları ziyarət edə biləcəklər.
Zəvvarların vizalarının yenilənməsi proqramı Səudiyyənin Daxili İşlər, Xarici İşlər və Həcc nazirlikləri tərəfindən həyata keçiriləcək.
Mənbə: Al-Arabiyya