Qiymətlərin qalxması problemi və İslamda onu müalicə metodu
8. 147 dəfə baxılıb
“Sələf Xəbər” Bədr Abdul Həmidin yazdığı məqaləni sizə təqdim edir:
Qiymətlərin bahalaşması problemi xalqların və fərdlərin qarşılaşdığı problemlərdəndir. Bəzən onun təbii və məntiqi səbəbləri olur. Xammalın, əşyaların, düzəldilməsinin və daşınmasının xərclərinin baha başa gəlməsi qiymətlərin baha olmasının məntiqi səbəbidir. Lakin bu bahalaşma qeyri-məntiqi və qeyri-təbii olarsa, onun da qeyri-məntiqi və qeyri-təbii səbəbləri olur. Bəzən dəbdəbəni sevərək ona həris olmaq bu bahalaşmanın mühüm səbəblərinə çevrilir. Ona görə də İslam dini bizi israfçılığa gətirib çıxaran dəbdəbəni sevərək ona həris olmaqdan ciddi şəkildə çəkindirmişdir. Çünki dəbdəbə ümmətlərin fəsadına, sonra da məğlubiyyətinə və süquta uğramasına gətirib çıxarır. Bundan da daha pisi isə dünyaya meyl edərək axirətdən üz çevirməkdir. Qurani-Kərimdə əndazəni aşan dəbdəbə qınanaraq küfr və üsyanla birgə qeyd olunmuşdur.
Allah-Təala buyurur: “Gərək sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə (dünyanın dəbdəbəsinə) uydular və günahkar oldular. Şəhərlərin əhalisi islah edən olduqları təqdirdə Rəbbin haqsız yerə onları məhv etməz!” (“Hud”, 116,117)
Həmçinin buyurur: “Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır, yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)” (“əl-Muminun”, 33)
Həmçinin buyurur: “Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir Peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!” – dedilər”. Onlar: “Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olmasaydı, bol ruzi verməzdi)” – dedilər”. (Ey Peyğəmbər!) De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar”. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (“Səba”, 34,35,36)
Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu Yəmənə göndərərkən belə deyib: “Dünya nemətinə qurşanmaqdan çəkin. Həqiqətən də, Allah qulları dünya nemətinə qurşanmazlar”. (Əhməd və Beyhəqi rəvayət edib. “Sahih ət-Tərğib va ət-Tərhib” 2/246)
Ona görə də səhabələr (Allah onlardan razı olsun), xüsusən də, fəth edilən ölkələr səbəbilə dövlət gəlirləri artıqdan sonra bir-birilərinə dünya nemətlərinə qurşanaraq əylənməkdən çəkinməyi nəsihət edirdilər.
Əbu Osman ən-Nəhdi deyir ki, biz Azərbaycanda olarkən (vali Utbə ibn Fərqad ona halva hədiyyə göndərdiyi üçün) Ömər (Allah ondan razı olsun bunu eşidir) bizə yazaraq dedi: “Ey Utbə ibn Fərqad, o nə sənin, nə atanın, nə də ananın əziyyəti ilə qazanılmayıb. Özünü nə ilə doyuzdurursansa, müsəlmanları da onunla doyuzdur. Dünya nemətinə aludə olmaqdan, şirk əhlinin geyimindən və ipək geyməkdən çəkin. Həqiqətən də, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (kişilərə) ipək geyinməyi qadağan edib”. (Müslim 2069)
Sözsüz ki, hər kəs ona verilən nemətə görə sorğu-sual olunacaqdır.
Allah-Təala buyurur: “Sonra da o gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (“ət-Təkəsur”, 8)
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: “Bəndənin Qiyamət günü nemətlərdən soruşulacağı ilk şey barəsində ona deyilər: “Sənə sağlam bədən verərək sərin sudan içirtmədikmi?” (Tirmizi, 3358, Albani, “əs-Sahihə”, 539)
Bəsrə camaatı başçıları Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) ilə gələn zaman Möminlərin əmiri Ömər (Allah ondan razı olsun) onlara öz yeməyindən verən zaman onların xoşlanmadıqlarını görür və deyir: “Ey camaat, and olsun Allaha ki, mən sizin yeməyimi xoşlamadığınızı görürəm. Əgər istəsəydim, and olsun Allaha ki, sizlərdən ən gözəl yemək yeyən olardım”. Sonra dedi: “Lakin mən Allah-Təalanın bir işə görə bəzi qövmləri qınayaraq belə buyurduğunu eşitmişəm: “Siz dünya həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı).” (“əl-Əhqaf”, 20)
Aşırı dərəcədə dünya nemətlərinə aludə olmağı qadağan edən ayə və hədislər, əlbəttə ki, boş yerə deyildir. Onun bir çox fəsadları olduğu üçün möminlər ondan çəkindirilmişdir.
Qiymətlərin qalxmasının və bahaçılığın İslamda müalicəsi
1. İnsan özünü təqva üzrə tərbiyə etməli və həmişə Allah nəzarətində olmasını hiss etməlidir
Allah-Təala buyurur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”. (“əl-Əraf”, 96)
Həqiqətən də, Allahdan qorxmaq ruzinin artırılmasına və onun bərəkətli olmasına səbəbdir.
Allah-Təala buyurur: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər”. (“ət-Talaq”, 2,3)
2. Çoxlu istiğfar (bağışlanma diləmək) və dua etmək
Allah-Təala Nuh Peyğəmbərin (Allahın ona salamı olsun) adından deyir: “Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! O, sizə göydən bol yağış göndərər; O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!” (“Nuh”, 10-12)
3. Sosial yardımlaşmaq, zəkat və sədəqə vermək
Zəkat vermək kasıb və ehtiyacı olanlara yardım etməkdir. Zəkat, toplumu kasıblıqdan, dövləti isə zəifləməkdən qoruyur. Zəkat verməmək isə bəlanın gəlməsinə və bahalaşmaya səbəb olur. Xalq arasında insanların bir-biri ilə yardımlaşmaması aralarında düşmənçiliyin və nifrətin yaranmasına səbəb olur. Zəkat vermək isə xalq arasında bərəkətin, sevginin və ülfətin yaranmasına səbəb olur.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “Kimin artıq miniyi varsa, onu miniyi olmayana versin. Kimin artıq azuqəsi varsa, onu azuqəsi olmayana versin”. (“Sahih əl-Cəmi”, 6497)
Şair deyib: “Allah sənə verdiyi maldan xərclə. Mal müvəqqəti bir əmanətdir, ömür də keçicidir. Bil ki, mal su kimidir. Əgər onu saxlasan xarab, lakin axarsa, şirin olar.”
4. İnsanın özünü şükr etməyə və qənaətə öyrəşdirməsi
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “Allahın sənə verdiyi ilə razılaş. İnsanların ən zəngini olarsan”. (“Sahih Sunən ət-Tirmizi”, 1876)
Möminlərin anası Aişənin (Allah ondan razı olsun) Urva ibn Zubeyrə belə dediyi rəvayət olunur: “Ey bacım oğlu, biz görürdük ki, iki ay keçir, lakin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) (zövcələrinin) evlərində ocaq yandırılmır. Yəni heç nə bişirməzdilər”. Dedim: “Bəs, sizi yaşadan nə idi?” O dedi: “Xurma və su”. (Buxari, 6459 və Müslim, 2973)
5. Orta yol tutaraq israfı tərk etmək
Xalqlar arasında yayılan israflardan biri də yeməyin kəmiyyətini və növünü çoxaltmaqdır. Bəzi müsəlman həkimləri deyir ki, Allah-Təala tibbi yarım ayədə cəm edərək buyurur: “Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (“əl-Əraf”, 31)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “İsraf etmədən və təkəbbürlük göstərmədən yeyin-için, geyinin və sədəqə verin”. (Albani, “Sahih ən-Nəsai”, 2399)
Yemək-içməkdə qınanılan israf iki cürdür: yeməyi qarışdıraraq növbənöv etmək, çoxaltmaq və onların hər ikisindən doğan kökəlmək.
Həmçinin, Allah-Təala buyurur: “(Mal-dövlətini əbəs yerə) sağa-sola səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (“əl-İsra”, 26,27)
Yemək-içməyi qarışdıraraq növbənöv etmək bir çox hədislərdə qınanmışdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ümmətimdən kişilər olacaqdır ki, cürbəcür yeməklər, cürbəcür içkilər içər, cürbəcür libaslar geyər və ağız dolusu danışarlar. Onlar ümmətimin ən şərliləridir”. (“Sahih ət-Tərğib va ət-Tərhib”, 2/232)
Əgər hər bir müsəlman öz toyunda və yasında Allah-Təalanın qoyduğu şəriətə müvafiq davranarsa, qiymət bahalaşmasına qələbə çalmış olar.
6. Möhtəkirliyə qarşı olmaq
Varlanmaq məqsədilə yeyinti kimi zəruri şeyləri ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satan alverçiyə möhtəkir deyilir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu əməli qadağan edərək buyurub: “Yalnız günahkar möhtəkirlik edər”. (Müslim, 1605)
Həmçinin, bəzi alverçilərin və sənaye sahiblərinin İslam şəriətinə zidd əməlləri də qiymətin bahalaşmasına gətirib çıxarır. Bu əməllərə ticarətdə hiylə işlətməyi, tərəzidə aldatmağı, keyfiyyəti azaltmağı və.s misal gətirmək olar.
Ona görə də məsul şəxslər yalnız ciblərini düşünən acgöz tacirlərin möhtəkirliyə və onun bütün xüsusiyyətlərinə can atmalarının qarşısını almalıdırlar.
7. Bahaçılığa qarşı müamilə üslublarına aid nümunələr
Rəvayət olunur ki, insanlar möminlərin əmiri Ömər ibn Xəttabın (Allah ondan razı olsun) yanına gələrək dedilər: “Biz sənə ətin bahalaşmasından şikayət etməyə gəlmişik. Ətə bizim üçün bir qiymət qoy”. O, dedi: “Siz özünüz onu ucuzlaşdırın”. Onlar dedilər: “Biz qiymətin bahalaşmasından şikayət edirik. Ət isə qəssablardadır. Əlimizdə olmayan şeyi necə ucuzlaşdıraq?” Bu zaman Ömər (Allah ondan razı olsun) məşhur və gözəl sözünü deyir: “Onu onlar üçün tərk edin”.
Həmçinin, möminlərin əmiri Əli bin Əbi Talib (Allah ondan razı olsun) də bu məsələni digər bir yolla müalicə etmişdir.
Zureyn ibn əl-Ərac deyir ki, Məkkədə kişmiş bahalaşdı. Əliyə (Allah ondan razı olsun) Kufədə olarkən məktub yazdıq. O da yazdı ki, kişmişi xurma ilə ucuzlaşdırın. Yəni Hicazda (Məkkə və Mədinədə) bol və ucuz olan xurma alın ki, kişmişin alveri azalsın və ucuzlaşsın. Əgər ucuzlaşmazsa, elə xurma da onun yerini verir.
Allahım, bahalığı, xəstəliyi və haram qidanı bizdən uzaq et və bizə halal ruzi verərək onu bərəkətləndir… Həqiqətən də, Sən hər şeyə Qadirsən.