Aşura günü
15. 945 dəfə baxılıb
Aşura günü həm müsəlmanların, həm də islamdan əvvəlki ümmətlərin yaddaşında mühüm hadisələrin baş verdiyi gün kimi yadda qalmışdır. Ona görə də insanlar bu gündə Allah Təalaya şükür olaraq oruc tuturlar.
Bu gündə həmçinin hər bir müsəlmanı kədərləndirən hadisə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəvəsi Hüseynin (Allah ondan razı olsun) qətl hadisəsi də baş vermişdir. Biz bu günə görə kədərlənir, şəhid olanlar üçün Allahdan rəhmət diləyirik.
Bütün müsəlmanların və qeyri-müsəlmanların bildiyi kimi, Aşura günü bir neçə yadda qalan və dinindən asılı olmayaraq Allaha inananları sevindirən mühüm hadisələr baş vermişdir. Ona görə də insanlar bu gündə Allah Təalaya şükür olaraq oruc tuturlar.
Bir neçə hadisələrin baş verdiyi bu gündə hər bir müsəlmanın ürəyini ağrıdan və sızladan digər bir hadisə baş vermişdir ki, o da Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) nəvəsi, Əli (Allah ondan razı olsun) və Fatimənin (Allah ondan razı olsun) balası və Cənnət cavanlarının ağası olan İmam Hüseynin (Allah ondan razı olsun) zalımlar, fasiqlər və namərdlər tərəfindən şəhid edilməsidir.
Lakin müsəlmanlara Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) sünnə kimi qalan Aşura gününün orucu ilə igidlik rəmzi olan Kərbəla şəhidi İmam Hüseynin (Allah ondan razı olsun) şəhidlik zirvəsinə çataraq Rəbbinə qovuşması arasında heç bir ziddiyyət yoxdur.
Aşura orucu barədə hədislər və alimlərin rəyi
Məzhəbindən asılı olmayaraq tanınmış İslam alimləri Aşura orucunun bizə Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) sünnə olaraq qaldığını qeyd edərək bu gündə tutulan orucun müstəhəb və icazəli bir əməl olduğu fətvasını vermişdilər.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mədinəyə gələrkən yəhudilərin Aşura günü oruc tutduqlarını görür və deyir: “Bu nədir?” Deyirlər: “Bu gün saleh bir gündür. O gündə Allah-Təala Musa Peyğəmbəri (ona salam olsun) və İsrail övladlarını düşmənlərindən xilas etdiyinə görə Musa (ona salam olsun) oruc tutmuşdur”. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Mən Musaya (ona salam olsun) sizdən daha haqlıyam” deyərək o günü oruc tutur və o gündə oruc tutmağı əmr edir” (Buxari 2004, Muslim 1130).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin demişdir: “Allahdan istəyirəm ki, Aşura gününün orucunu keçən ilin (günahlarına) kəffarə etsin” (Muslim 1162, Əbu Davud 2425).
İmami alimlərinin ən etibarlı hədis kitabı hesab olunan Kuleyninin (ölümü hicri 329) “əl-Kafi” kitabında İmam Zeynəl-Abidin (Allah ondan razı olsun) tutulması vacib və müstəhəb olan oruclardan danışdıqdan sonra deyir: “Oruc tutanın ixtiyar sahibi olduğu oruca gəldikdə isə Cümə gününün, dördüncü günün, hər ayın üç gününün, Ramazan ayından sonra olan Şəvval ayının altı gününün, Arafat gününün və Aşura gününün orucudur. Bütün bunlarda insan ixtiyar sahibidir. İstəyərsə oruc tutar, istəyərsə oruc tutmaz” (Kuleyni, “əl-Kəfi” 4/86, Saduq, “əl-Fəqih” 2/80, “əl-Xisal” 536, “əl-Hidəyə” 201 və “Fiqhur-Rida” 201, Tusi, “Təhzibul-Əhkəm” 4/296, Hurr əl-Amili, “Vasəiluş-Şia” 10/411, Qummi, “Təfsirul-Qummi” 1/187, Seyyid Məraşi, “Şərhu İhqaqil-Haqq” 33/786).
İmamiyyənin hədis alimi olan Şeyx Tusi (ö.h. 460) məzhəbin əsas kitablarından olan öz məşhur iki hədis kitabında “Aşura gününün orucu” adlı fəsil açaraq aşağıdakı hədisləri orada qeyd etmişdir.
İmam Əli (Allah ondan razı olsun) demişdir: “Aşura günü oruc tutun. Doqquzuncu və onuncu gün. Çünki o, bir ilin günahlarına kəffarədir” (Tusi, “əl-İstibsar” 2/134, “Təhzibul-Əhkəm” 4/299, Hurr əl-Amili, “Vasəiluş-Şia 10/457, Nuri, “Mustədrakul-Vasəil” 7/524).
İmam Əbul-Həsənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Aşura günü oruc tutdu” (Tusi, “əl-İstibsar” 2/134, “Təhzibul-Əhkəm” 4/300, Hurr əl-Amili, “Vasəiluş-Şia” 10/457). Bu hədisə Əllamə Məclisi “muvassaq (etibarlıdır)” demişdir. (Məclisi, “Mələzul-Əxyar” 7/116).
Hətta Kərbəla hadisəsinin şahidi olan İmam Zeynəl-Abidinin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Aşura gününün orucu bir ilin (günahlarının) kəffarəsidir.” (Tusi, “əl-İstibsar” 2/134, “Təhzibul-Əhkəm” 4/300, Hurr əl-Amili, “Vasəiluş-Şia” 10/457).
İmam Əbu Cəfər (Allah ondan razı olsun) demişdir: “Gəmi Aşura günü Cudi dağının üstündə dayandı. Ona görə də Nuh (ona salam olsun) özü ilə birlikdə olan cin və insanlara o gündə oruc tutmağı əmr edir. Əbu Cəfər (Allah ondan razı olsun) deyir: Bilirsiniz bu nə gündür? Bu gün Allah-Təalanın Adəmin və Həvvanın tövbəsini qəbul etdiyi gündür. Bu gün Allah-Təalanın İsrail övladları üçün dənizi yardığı və Firon və onunla olanları boğduğu gündür. Bu gün Musanın (ona salam olsun) Firona qələbə çaldığı gündür. Bu gün İbrahimin (ona salam olsun) doğulduğu gündür. Bu gün Allah-Təalanın Yunisin (ona salam olsun) qövmünün tövbəsini qəbul etdiyi gündür. Bu gün İsa oğlu Məryəmin (ona salam olsun) doğulduğu gündür. Bu gün Qaimin (Mehdinin) (ona salam olsun) gələcəyi gündür” (Tusi, “Təhzibul-Əhkəm” 4/300, Hurr əl-Amili, “Vasəiluş-Şia” 10/458, Nuri, “Mustədrakul-Vasəil” 7/524).
İmam Cəfər Sadiq (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox vaxt Fatimə övladlarından olan südəmər körpələrin ağızlarına Aşura günü tüpürər və deyərdi: “Axşama qədər onlara heç nə yedizdirməyin!” Körpələr də Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tüpürcəyi ilə susuzluqlarını yatızdırardılar. İmam Sadiq sonra deyir: Vəhşi heyvanlar da Davudun (ona salam olsun) dövründə oruc tutardılar” (Tusi, “Təhzibul-Əhkəm” 4/333, Hurr əl-Amili, “Vasəiluş-Şia” 10/458).
İmam Zeynəl-Abidin (Allah ondan razı olsun) demişdir: “İnsanın ixtiyar sahibi olaraq istərsə tutduğu istərsə də açdığı oruc Aşura orucudur” Hurr əl-Amili, “Vasəiluş-Şia” 10/458, Nuri, “Mustədrakul-Vasəil” 7/522).
İmam Səccad (Allah ondan razı olsun) demişdir: “Məhərrəm ayının onu Aşura günüdür. O gündə Allah-Təala Adəmin (ona salam olsun) tövbəsini qəbul etmişdir. Kim o gün oruc tutarsa həm yetmiş ilin günahları həm də gizli etdiyi günahları bağışlanar”. (Nuri, “Mustədrakul-Vasəil” 7/523).
Çox böyük imami alimlərindən olan Şeyx Saduq (ö.h. 381) fəqihlər üçün əsas kitab kimi sayılan “əl-Muqni” (qane edən) adlı məşhur kitabında “Oruc üçün müstəhəb olan vaxtlar” adlı fəsl açaraq demişdir: “Məhərrəmin onu Aşura günüdür. O gündə Allah-Təala Adəmin (ona salam olsun) tövbəsini qəbul etmişdir. O gündə Nuhun (ona salam olsun) gəmisi Cudi dağının üstündə dayanmışdır. O gündə Musa (ona salam olsun) dənizi keçmişdir. O gündə Məryəm oğlu İsa (ona salam olsun) doğulmuşdur. O gündə Allah-Təala Yunisi (ona salam olsun) balığın qarnından xilas etmişdir. O gündə Allah-Təala Yusifi (ona salam olsun) quyunun içindən çıxartmışdır. O gündə Allah-Təala Yunisin (ona salam olsun) qövmünün tövbəsini qəbul etmişdir. O gündə Davud (ona salam olsun) Calutu öldürmüşdür. Kim o gün oruc tutarsa yetmiş ilin günahları və gizli etdiyi günahları bağışlanar” (Saduq, “əl-Muqni” 208, Əli Asğar, “əl-Yənəbiul-Fiqhiyyə” 6/25).
Klassik imamiyyə alimlərdən biri olan Seyyid İbn Tavus (ö.h. 664) Aşura günü oruc tutmağın savab olması ilə bağlı bir neçə hədisləri qeyd edərək inkar etmədən demişdir: “O gün oruc tutmağa həvəsləndirən çoxlu hədislər vardır” (İbn Tavus, “İqbəlul-Əaməl” 3/51).
Həmçinin oxuyun
Kərbəla hadisəsi: Quran və sünnə işığında
Dini Komitə: “Aşuranı yas kimi təqdim etmək olmaz”