Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

Səhiyyə Nazirliyi Ebola virusuna dair əmr imzalayıb

Avqust 16
16:06 2014
0 şərh

Səhiyyə Nazirliyindən AzərTAc-a bildirdilər ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan “Ebola” virusunun qurbanlarının sayı 1145 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. Öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır.

Xəstələr arasında ölüm göstəricisi təxminən 90 faiz təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir.

Qeyd olanları nəzərə alaraq respublikamızda da “Ebola” virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov bununla əlaqədar əmr imzalayıb.

Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, “Ebola” virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, və s. bu kimi xüsusi qabaqlayıcı tədbirlərin görülməsi üçün əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib.

 Sələf Xəbər: İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Ömər ibn Xəttab (Allah ondan razı olsun) xəlifəliyi dövründə Şamda (Suriya və Fələstin) yerləşən qoşunlarını yoxlamaq məqsədi ilə özü ilə bir qrup əsgərlərlə birlikdə Şama getmək üçün yola çıxmışdı. Şam yaxınlığında “Sərğ” deyilən bir kəndə girən kimi, Şamın valisi və Suriyə qoşunlarının komandanı Əbu Ubeydə ibn Cərrah bəzi qoşun komandirləri ilə birlikdə Öməri qarşılayaraq, Şamda vəba olduğunu məruzə etdi.

İbn Abbas deyir ki: “Bu xəbərə görə Ömər (Allah ondan razı olsun) mənə: “İlk mühacirləri yanıma çağır” dedi. Onları çağırdım. Məsələni onlarla müzakirə etdi.

Səhabələr müxtəlif təkliflər verdilər. Bir hissəsi: “Ey möminlərin əmiri, siz düşmənlə döyüşə çıxmış kimisiniz. Allaha güvənərək yolunuzdan dönməməyinizi müvafiq görürük” dedi. Bəziləri isə: “Xalqın qalan hissəsi və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) səhabələri səninlə bərabərdir (vəba təhlükəsi ilə qarşılaşmamaq üçün) onları vəbanın üstünə aparmağı məsləhət görmürük (Mədinəyə dönməyinizin daha yaxşı olacağı fikrindəyik)” dedilər.

Ömər (bu ixtilafı görüncə): “Yanımdan çəkilin!…” dedi. Sonra məni səsləyib: “Ənsarlardan olanları çağır!” – dedi. Onları çağırdım. Məsələ barəsində onlarla da məsləhətləşdi. Ənsarlar da mühacirlər kimi müxtəlif rəy verdilər. Ömər onlara da: “Siz də çıxın!” – deyə əmr etdi. Sonra mənə: “Məkkənin fəthindən əvvəl Mədinəyə köçmüş buradakı qureyş mühacirlərinin yaşlılarını çağır!” – dedi. Onları da çağırdım. Bunlarla da məsləhətləşmələr apardı. Onlar ixtilaf etməyib hamısı: “Xalqla birlikdə Mədinəyə qayıdıb vəbaya yaxın getməməyinizi müvafiq sayırıq” – dedilər.

Buna görə Ömər (Allah ondan razı olsun) əksəriyyətin rəyini nəzərə alaraq ertəsi günü yola düşəcəklərini elan etdi. “Siz də tərpənin!” – dedi. Bu vaxt Şamın valisi Əbu Ubeydə ibn Cərrah Ömərə: “Allahın qədərindənmi qaçırsan?” deyən kimi, xəlifə Ömər (Allah ondan razı olsun) onun bu rəftarını bəyənmədiyindən ötrü: “Ey Ubeydə, kaş ki, bu sözü sən yox, bir başqası deyəydi (qəribə hesab etməzdim)!…” deyib, sonra da: “Bəli, Allahın qədərindən yenə də Allahın qədərinə qaçırıq. Bir fikirləş gör, sən dəvələrini bir tərəfi otlaq, digəri tərəfi isə çılpaq bir dərəyə düşsəydilər, sən onları otlu yamacda otarardın ki, qarınlarını
doydursunlar və bu halda bu hərəkətin Allahın qədəri ilə olmazdımı?

Yoxsa əksinə, bitkisiz və çılpaq tərəfində dəvələri ac qoysaydın bu hərəkətin yenə Allahın qədəri ilə olmazdımı?” deyə buyurdu (Bu düşüncəli sual formalı cavabı ilə Əbu Ubeydəni susdurdu).

İbn Abbas deyir ki, bu vaxt öz şəxsi işlərindən ötrü əvvəlcə orada olmamış Abdurrahman ibn Auf gəlib çıxdı. Vəziyyəti aydınlaşdıran kimi: Mənim bu məsələ ilə əlaqədar məlumatım var. Allahın Elçisindən (Allahın ona salavatı və salamı olsun) bu sözləri eşitmişəm:“Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. Bundan sonra Ömər ibn Xəttab (Allah ondan razı olsun) Allaha həmd edib həmin yerləri tərk etdi” (Əl-Buxari).

Digər xəbərlər

0 şərh

Hələ şərh yoxdur!

Hal-hazırda heç bir şərh yoxdur. Siz şərh yazmaq istəyirsiniz?

Yeni şərh əlavə et

Şərh əlavə et

E-poçt ünvanından dərc olunmayacaq.
Lazım alanlar qeyd olunur *

ARXİV

Mart 2019
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031