Almaniyada azərbaycanlı qaçqınların sığınacağına od vurulub
817 dəfə baxılıb
Almaniyada bir qrup azərbaycanlı mühacirin yerləşdirildiyi qaçqın düşərgəsinə od vurulub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, hadisə Bavariya əyalətinin Noyştad-Valdnabe rayonunun eyni adlı inzibati mərkəzində baş verib. Rayonun polis nümayəndəsinin bildirdiyinə görə, naməlum şəxslər Azərbaycandan olan 19 qaçqının, o cümlədən 3 azyaşlının yerləşdirildiyi sığınacağa od vurub.
Qəsəbə meri Rupert Troppman bildirib ki, o, hadisədən şoka düşüb.
“Mən şokdayam, bu, olduqca dəhşətli hadisədir”, – deyə mer bildirib.
Merin bildirdiyinə görə, 5500 nəfər əhalisi olan bu kiçik şəhərdə ksenofobiyaya yer ola bilməz. Hadisənin arxasında kimlərin dayandığı məlum deyil. Mer bildirib ki, bu haqda nəsə deməyə çətinlik çəkir.
“Mən istəyirəm ki, polis hər şeyi araşdırsın, spekulyasiya etmək istəmirəm”, – deyə R.Troppman bildirib.
Qaçqın sığınacağı şəhərdəki keçmiş restoran binasında yerləşir. Yanğın barədə xəbərdarlıq yerli vaxtla saat 03:20-də daxil olub. Yanğın binanın birinci mərtəbəsində başlayıb və yanğınsöndürənlər gələndə artıq mebellər yanıbmış. Yanğınsöndürənlər yanğını tez nəzarət altına ala biliblər və sığınacaqda məskunlaşanlardan heç kim zərər çəkməyib.
Sığınacağın sakinləri bildiriblər ki, onlar hadisədən əvvəl binanın birinci mərtəbəsindən iki nəfərin çıxıb qaçdığını görüblər.
Üçüncü şəxs isə onları kənarda gözləyirmiş. Polis hadisənin ksenofobiya zəminində törədildiyini istisna etmir. Lakin qalan versiyalar da araşdırılır.
Yerli polisin nümayəndəsi Maykl Rebele bildirib ki, hadisə yerinə mütəxəssislər cəlb edilib. Onlar tərcüməçinin köməyi ilə sığınacaq sakinlərindən ifadələr alırlar.
Bina qaçqın sığınacağı üçün iki ildir istifadə olunur. Hazırda orada Azərbaycandan olan 19 qaçqın yerləşdirilib, binanın birinci mərtəbəsi əsasən uşaqların oyun oynaması üçün istifadə edilir.
Qeyd edək ki, Almaniyada son vaxtlar ksenofobiya və faşizm meylləri kəskin artıb.
Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)
Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.