“Bibliya” daha çox təcavüzdən bəhs edir, nəinki “Qurani-Kərim”.
1. 049 dəfə baxılıb
Britaniya alimləri “Bibliya” və “Qurani-Kərim” üzərində maraqlı tədqiqat aparıblar. Alimlər tədqiqat nəticəsində belə bir qənaətə gəliblər ki, xristianların kitabında daha çox təcavüzdən bəhs edilir, nəinki müsəmanların müəddəs kitabı “Qurani-Kərim”də.
İT üzrə mütəxəssis Tom Anderson xüsusi proqram və kompüter analizinin köməyi ilə hər iki kitabın mətnindəki sözləri tədqiq edib. Gəldiyi nəticələrə əsasən, mütəxəssis “Quran şiddəti təşviq edir” fikrinin əslində yalnış olduğunu bildirib.
Hər iki kitabın mətni “sevinc”, “kədər”, “qəzəb”, “nifrət”, “səbr”, “inam”, “qorxu”, “təəccüb” kimi şərti sözlərlə 8 kateqoriya üzrə bölünərək tədqiq edilib. Nəticədə isə məlum olub ki, “Bibliya”da “Qurani-Kərim”ə nisbətən “qəzəb” sözü daha çox, “inam” sözləri isə daha az istifadə olunub.
Andersonun sözlərinə görə, qətl etmək, məhv etmək kimi sözlərin işlənmə çoxluğu “Əhdi-Cədid”-də 2,8%, “Əhdi-Ətiq”-də 5.3%, “Qurani-Kərim”də isə cəmi 2,1% təşkil edir.
Mütəxəssis bildirib ki, bu tədqiqat səthi olsa da, nəticələrdən aydın olur ki, İslam dini zorakılıq dini deyil və təcavüzə təşviq etmir.
Mənbə: IslamNews
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır:
“Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).
20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa məqsədlərlə, məsələn divarda bəzək şəklində asılması və s. kimi istifadəsi barədə soruşublar. Buna şeyx cavab verib: “Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).
Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq daha sonra divardan asması barədə bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s.-yə gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizə məlum deyil. Və bu cür əməllərdə fayda yoxdur. Əksinə, belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.