Dünyanın ən zəngin ölkələri 9 faizdən də az qaçqın qəbul edib – ARAŞDIRMA
758 dəfə baxılıb
Dünyanın qlobal iqtisadiyyatının 60 faizini özündə cəmləyən ən zəngin 6 ölkəsi dünya qaçqınlarının 9 faizdən də az bir hissəsinə sığınacaq verib.
Dünyanın 90 ölkəsində fəaliyyət göstərən “Oxfam” beynəlxalq təşkilatının bazar ertəsi günü hesabatında əks olunan məlumata əsasən, ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa və Böyük Britaniya ölkələri keçən il təxminən 2,1 milyona yaxın qaçqın qəbul ediblər. Bu isə dünya qaçqınlarının 8,88 faizini təşkil edir. Bu ölkələr arasında qaçqınların 700 mindən çox hissəsi Almaniyanın payına düşüb.
Dünya qaçqınlarının 50 faizdən çoxu – demək olar ki, 12 milyon insan – İordaniya, Türkiyə, Pakistan, Livan, Fələstin, Cənubi Afrikada yaşayır. Halbuki bu ölkələr dünya iqtisadiyyatının 2 faizdən də az bir hissəsini formalaşdıra biliblər. Hal-hazırda İordaniya qaçqın qəbuluna görə dünyada 2,8 milyonla birinci, Türkiyə isə 2,75 milyon nəfərlə ikinci sırada olan ölkələrdir.
“Oxfam” beynəlxalq təşkilatının baş direktoru Vinni Byanyima həyatlarını təhlükəyə ataraq evlərini tərk etmək məcburiyyətində qalan və digər ölkələrə sığınacaq üçün üz tutan milyonlarla insanın əzablarına inkişaf etmiş ölkələrin göz yummasını utandırıcı vəziyyət adlandırıb. O, həmçinin qeyd edib ki, bu, qlobal böhrandır və bütün ölkələr, xüsusilə zəngin ölkələr daha çox sayda qaçqınları qəbul etmək, onları harada olmalarından asılı olmayaraq qorumaqla bağlı vəzifə yerinə yetirməlidirlər.
Bundan başqa, qeyd olunur ki, 65 milyondan çox insan zorakılıq, müharibə və insan haqlarının pozulmasına görə evlərini tərk etməyə məcbur qalıb. Onların 40,8 milyon nəfəri öz ölkələri daxilində yerlərini dəyişməyə məcbur olublar, 21,3 milyon nəfər qaçqın, 3,2 milyon nəfəri isə sığınacaq axtarışındadırlar. Vəziyyətin bu nöqtəyə gəlməsində Suriyadakı münaqişələrin də bu hadisələrdə böyük rolu vardır. Eləcə də tədqiqatlar göstərir ki, Burundi, İraq, Nigeria, Cənubi Sudan və Yəməndəki münaqişələr zamanı bir çox insan öz evlərini tərk edərək qaçmağa məruz qalmışdır.
Xatırladaq ki, BMT-nin 2016 cı il may ayında nəşr olunan hesabatına görə, son bir il ərzində beynəlxalq miqrantların və qaçqınların sayı 244 milyon nəfərə çatıb. Hələ o vaxt, BMT-nin baş katibi Pan Gi Mun hesabatında qaçqın və köçkünlərin taleyi üçün birgə məsuliyyət üzrə qlobal saziş bağlamağı təklif etmiş və dünya liderlərinə müraciət edərək, miqrantların əsas kütləsinin istiqamətləndiyi ölkələri bu problemlə təkbətək qoymamağa çağırmışdı.
Sələf Xəbər: “Həqiqətən də, Allahın qulları arasında seçdikləri vardır, O, onları varlı etdi ki, onlar öz mallarından sərf edib insanlara kömək etsinlər. Əgər onlar xəsislik edərsə, Allah onları bu vardan məhrum edər və bu işi (xeyriyyəçiliyi) başqalarına həvalə edər” (Əhməd)
Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)