“Əl-Qaidə”nin Şimali Qafqaz lideri öldürüldü
910 dəfə baxılıb
Terror şəbəkəsinə bağlı “Qafqaz əmirliyi”nin lideri öldürülüb.
Ötən həftə Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı “əl-Qaidə” terror şəbəkəsinə bağlı “Qafqaz əmirliyi”nin lideri Maqomed Süleymanov öldürülüb.
“Sələf Xəbər” Anspress-ə istinadən xəbər verir ki, Maqomed Süleymanov FTX, Müdafiə Nazirliyi və DİN-in Daxili Qoşunlarının xüsusi bölmələrinin birgə keçirdiyi əməliyyat zamanı öldürülən 4 yaraqlıdan biridir.
39 yaşlı Süleymanov bu ilin aprelindən “Qafqaz əmirliyi”nin lideri elan edilmişdi. “Qafqaz əmirliyi”inə Şimali Qafqazda fəaliyyət göstərən bütün radikal silahlı qruplaşmalar tabedir.
Dağıstan sakini olan Süleymanov Suriyada Fəth əl-İslami şəriət universitetini bitirib, 2007-ci ildə yaraqlılara qoşulub.
Ekspertlər hesab edir ki, Süleymanovun ölümündən sonra Şimali Qafqazda fəaliyyət göstərən radikal islamçılar arasında bu səviyyədə ruhani avtoritet qalmayıb. İndi onun yerini hansısa dini mövzuları müzakirə etmək qabiliyyəti olmayan sıravi döyüşçünün tutacağı gözlənilir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz və Regional Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Ahmet Yarlıkapov deyir ki, ümumiyyətlə Süleymanovun öldürülməsindən sonra “Qafqaz əmirliyi”nin dağılacağı gözlənilir.
Onun sözlərinə görə, Doku Umarovun öldürülməsindən sonra “Qafqaz əmirliyi”nin ciddi zəiflədiyi aydın görünürdü. Lakin Süleymanovun öldürülməsi və “Qafqaz əmirliyi”nin strukturunun dağılması heç də Şimali Qafqazda radikal islamçı yaraqlıların zəifləyib sıradan çıxacağını göstərmir.
Ekspertin qənaətinə görə, onlar getdikcə daha çox İŞİD terror xəvaric qruplaşmasına yaxınlaşacaqlar və əl-Bağdadiyə biət edəcəklər. Artıq Şimali Qafqazdakı terrorçu qruplaşmalardan birinin “Qafqaz əmirliyi”indən ayrılıb İŞİD terror xəvaric qruplaşmasına biət etdiyi məlumdur.
Yarlıkapov deyir ki, “Qafqaz əmirliyi” beynəlxalq terror şəbəkəsi “əl-Qaidə” ilə (hazırda bu şəbəkə ilə İŞİD arasında sərt rəqabət var) bağlıdır və oradan maliyyələşir.
“Hazırda “Qafqaz əmirliyi” “əl-Qaidə”nin düşməni olan “İslam Dövləti” İŞİD terror xəvaric qruplaşmasının ciddi təzyiqi altındadır. “Əl-Qaidə” uzun müddət “Qafqaz əmirliyi”ni maliyyələşdirib. “Qafqaz əmirliyi”nin ötən ilin sonlarından başlayaraq kəskin zəifləməsinin səbəbi budur ki, “əl-Qaidə”dən növbəti tranş gəlib çıxmadı. Son məlumatlara görə, belə maliyyə tranşlarından biri – 5 milyon dollar haradasa Azərbaycanda “əridi”, yoxa çıxdı. Zəncirin iştirakçılarından biri pulu sonrakı həlqəyə ötürə bilmədi”, – Yarlıkapov deyir.
“Əmirliyin” zəifləməsində onun yeni liderlərinin kifayət qədər qəddar olmaması da öz sözünü deyib. Ötən ilin sonlarından başlayaraq səhra komandirləri bir-birinin ardınca İŞİD terror xəvaric qruplaşmasına biət ediblər.
Bu il iyunun 26-da isə internetdə belə video yayıldı ki, Şimali Qafqazda fəaliyyət göstərən bütün yaraqlılar İŞİD terror xəvaric qruplaşmasına qoşulur. Həmin videomüraciəti yayan yaraqlılar Azərbaycanı da “İslam Dövləti”nin əyaləti elan etmişdilər. Hərçənd ki, ekspertlər bu müraciətə skeptik yanaşırlar və belə bəyanatların daha çox “virtual xarakter daşıdığını” deyirlər.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”
Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbad (Allah onu qorusun) Əl-Qaidə qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”