Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslam dünyası liderləri Moskvada toplanacaq – ŞƏRH

İyul 28
16:54 2015

Qurban bayramı ərəfəsində Moskvada yeni məscidin açılışı mərasimi İslam dünyası ölkələrinin rəhbərlərinin də iştirak etdiyi beynəlxalq bir tədbir olacaq.

“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən məlumatına görə, tədbirə dəvət olunan qonaqlar arasında Səudiyyə Ərəbistanı, Türkiyə, Qatar, İran, Fələstin, İordaniya, Küveyt, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan və digər ölkələrin liderləri yer tutur.

Tədbirdə, həmçinin ABŞ, Hindistan, Çad, Sudan, Liviya, İraqdan da nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Rusiya Müftilər Şurası (RMŞ) Moskvadakı yeni məscidin açılışı ilə əlaqədar təşkil olunacaq tədbirin mədəni və mənəvi cəhətdən əhəmiyyətli bir hadisə olmaqla bərabər, həm də geosiyasi bir görüş olacağını düşünür. RMŞ sədrinin birinci müavini Ruşan Abbyasovun sözlərinə görə, belə bir mərasimin təşkili Rusiya dövlətinin İslam dünyasında mühüm rolunun göstəricisi olmaqla yanaşı, həm də Rusiya və İslam dünyası arasında əlaqələrin inkişafı üçün yeni bir təkan olacaq.

Onu da qeyd edək ki, 19.000 m² sahəni əhatə edən bu yeni məscid Avropanın ən böyük məscidi olacaq.

Sələf Xəbər: Məscidlər Allahın evləridir. Orada Allaha ibadət edilir, zikr oxunur, dini elmlər tədris olunur. Bir müsəlman üçün məscid qədər əziz və doğma başqa yer yoxdur. Çünki məscidə gələn insan orada mənəvi qida əldə etmiş olur, axı ora “Allahın evi” adını daşıyır. Rusiyanın Paytaxtında müsəlmanlar üçün belə bir məscidin inşa edilməsi olduqca təqdirəlayiq işdir. Bu hadisə çox müsəlmanların könlünü xoş edəcək, onları sevindirəcəkdir.

Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını tələb edərək buyurmuşdur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Məscidlər eyni zamanda cəmiyyətdə terrorizm kimi xəstə fikirlərin yayılmasının qarşısını almaqda olduqca böyük amildir. Terrorçular məscidlərin bu baxımdan nə qədər təsirli olduğunu və onların işinə əngəl törətdiyini bildikləri üçün bəzi hallarda ilk hücumlarını məscidə edirlər. Necə ki, analoji hadisəni 2008-ci ildə Bakının Nərimanov rayonunda yerləşən Cümə məscidinə (Abu Bakr məscidi adı ilə tanınır) qarşı etmişdilər. Həmin hadisəni törədən cinayətkar dəstə tutulmuş və məsuliyyətə cəlb edilmişdilər.

Uca Allaha dua edirik ki, yer üzündə mövcud məscidləri insanlar üçün hidayət mənbəyi etsin, terrora məruz qalmış Abu Bakr məscidinin tezliklə tam fəaliyyətə başlamasına yardımçı olsun. Amin!

Digər xəbərlər