İsrail Ramazan ayında Qüds və Əqsanın ziyarətinə qadağa qoydu
727 dəfə baxılıb
İsrail ordusu qəzzalılara yalnız Ramazan ayının cümə günləri üçün nəzərdə tutulan məhdud Qüds və Əqsa məscidini ziyarət icazəsini ləğv edib.
“Sələf Xəbər” Dünyamedia.az-a istinadən xəbər verir ki, İsrail ordusunun rəsmisi Aviçay Adrae rəsmi “Twitter” hesabında verdiyi açıqlamada cümə günü ibadət etmək üçün Qəzzadan İsrailə keçidin təhlükəsizlik səbəbiylə qarşısının alınmasına qərar verildiyini bildirib.
Adrae sözügedən qərarın dünən gecə Qəzzadan İsrailə naməlum şəxslər tərəfindən raket atıldıqdan sonra verildiyini söyləyib.
İsrail rəhbərliyi Ramazan ayı boyunca məhdud sayda qəzzalıların cümə namazı üçün Əqsa məscidinə getməsinə icazə verəcəyini açıqlamışdı.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah-Təala, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)