Parisdə törədilmiş terror aktlarında 153 nəfər ölüb – FOTO
735 dəfə baxılıb
Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.
Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin Xarici İşlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında yüzlərlə insan girov götürülmüşdü.
Terror aktları ümumilikdə Parisin 7 bölgəsində törədilib. Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayya əl-asriyyə”, 47)