“Rusiya Türkiyə ilə münasibətləri bərpa etmək istəyir” – Putin
1. 363 dəfə baxılıb
Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bəyan edib.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, Yunanıstanda səfərdə olan V. Putin Su-24 təyyarəsi ilə bağlı insidentə baxmayaraq, Rusiyanın Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini söyləyib.
O, qeyd edib ki, Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir və qarşı tərəfdən konkret addımlar gözləyir: “Əlbəttə, biz düşünmürdük ki, Türkiyə qırıcısı bizim bombardmançı təyyarəmizi vura bilər. Biz Türkiyə ilə, Türkiyə Silahlı Qüvvələri ilə müharibəyə hazırlaşmırdıq. Əks halda biz başqa cür və başqa vasitələrlə hərəkət edərdik. Ümid edirəm ki, bu yerə gəlib çatmayacaq. Biz Türkiyə hakimiyyətindən izah eşitdik, üzrxahlıq eşitmədik. Dəyən zərərin qarşılanmasına hazır olmalarını da eşitmədik. Münasibətlərin bərpa olunması istəklərini eşidirik. Biz də münasibətləri bərpa etmək istəyirik. Onları biz pozmamışıq. Əlimizdən gələni etmişdik ki, Rusiya-Türkiyə münasibətlərini on illər ərzində dostluq və tərəfdaşlıq səviyyəyə qalxsın. Niyə bu edildi, hələ də ağlıma heç bir fikir gəlmir. Lakin olan oldu. Bundan savayı təkcə təyyarə vurulmadı, katapult edən pilot da güllələndi. Bu isə beynəlxalq hüquqa görə hərbi cinayətdir”.
Putin bildirib ki, Ankaradan bəyanatlardan savayı konkret addımlar gözləyir: “Biz Türkiyə tərəfi ilə müxtəlif kanallarla əlaqədəyik. Onlar bizim cavabımızı bilirlər. Biz onlar tərəfindən konkret addımlar gözləyirik. Lakin hələlik bu yoxdur”.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən qeyri-müsəlmanlar sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər qeyri-müsəlmanlar birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara qeyri-müsəlmanlar üzərində qələbə çalmağa kömək edir”. (Bax: “Təfsir Əs-Saadi”)