Orqanizmi Ramazan orucuna hazırlamaq üçün önəmli tövsiyələr
879 dəfə baxılıb
Qarşıdan Müqəddəs Ramazan ayı gəlir. Ramazan ayında daha rahat oruc tuta bilmək üçün orqanizmi öncədən hazırlamaq lazımdır. “Sələf Xəbər” Al-Arabiyya-ya istinadən bədəni oruca hazırlamağın 10 üsulunu sizə təqdim edir.
1. Qida qəbulunu azaldın
Ramazana bir neçə gün qalmış qida qəbulunu azaltmağa başlayın. Oruc tutacağınıza və ac qalacağınıza görə indidən çox yeməyin. Bu, yalnız sizin iştahanızı artırıb oruc tutmağı çətinləşdirəcək.
2. Səhər yeməyini erkən yeyin
Ramazan zamanı biz sahur yeməyi üçün erkən oyanır, şəfəqdən öncə tez yeməyə çalışırıq. Bədəninizi erkən səhər yeməyinə alışdırmaq üçün səhər yeməyini adi günlərdə vərdiş etdiyiniz vaxtdan daha erkən saatlarda yeməyə çalışın.
3. Qəlyanaltıdan imtina edin
Səhər, nahar və şam yeməkləri arasındakı zamanlarda yüngülvari yeməklərdən çəkinin. Adi günlərdən fəqrli olaraq, Ramazan zamanı sahur və iftar olmaqla, siz gündə 2 dəfə yemək yeyəcəksiniz. Beləliklə, Ramazanda siz gündəlik 3 öyündən yalnız 1-ni azaltmış olursunuz.
4. Kofein qəbulunu azaldın
Əgər siz qəhvə içmək həvəskarısınızsa və oruc tutduğunuz zamanlarda başağrısı ilə üzləşmək istəmirsinizsə, indidən kofein qəbulunu azaltmağa başlayın. Əvvəlcə kofeinsiz qəhvə içməyə, sonra isə ümumiyyətlə qəhvə içməməyə çalışın.
5. Siqareti tərgidin
Adi günlərdə siqaret çəkən insanlar oruc olarkən bir çox çətinliklərlə üzləşirlər. Onlarda əsəbilik, gərginlik, narahatlıq , diqqət pozğunluğu kimi simtoplar yaranır. Siqaret qəbulunu indidən azaltmağa başlayın ki, oruc olduğunuz zaman bu kimi hallarla rastlaşmayasınız. Beləcə, siz Ramazandan sonra da siqareti birdəfəlik tərgidə bilərsiniz.
6. Əlavə oruc tutun
Ozünüzü Ramazanda oruc tutmağa alışdırmaq üçün Ramazan öncəsi oruc tutmağa başlayın. Bədəninizi Ramazana hazırlamaq üçün keçən ildən qalmış qəza oruclarınızı da tuta bilərsiniz.
7. Yuxu rejimini tənzimləyin
Əgər siz gec yatıb gec oyanmağa vərdiş etmisinizsə, yuxu rejiminizi indidən tənzimləyin. Ramazanda sahura erkən oyanmalı olduğunuz üçün gün sonunda tez də yatmaq istəyəcəksiniz. Odur ki, indidən tez yatıb tez də oyanmağa alışın.
8. Ərzaq tədarükü görün
Ramazan öncəsi sahur və iftar yeməklərini planlaşdırmaq işinizi yüngülləşdirə bilər. İndidən Ramazanın ilk həftəsi üçün sahur və iftar menyusunu tərtib etmək və lazımi ərzaqları almaqla həm vaxtınıza, həm də enerjinizə qənaət etmiş olursunuz.
9. Həkimlə məsləhətləşin
Əgər sizin şəkər, yüksək qan təzyiqi və ya orucluq zamanı narahatlıq yarada biləcək hər hansı xəstəliyiniz varsa, həkiminizlə indidən məsləhətləşib oruc olmağın sizə ziyanı olub olmayacağını dəqiqləşdirin.
Sələf Xəbər: Muhamməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Uca Allah buyurur: “Adəm oğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun da mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin. Məhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur! Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşduqda orucuna görə sevindiyi gündür” (Buxari və Muslim). Muslimin versiyasında isə deyilir: “Adəmoğlunun bir yaxşılığı on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o mənimdir və onun da mükafatını mən verəcəyəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir”, – buyurmuşdur.