Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

4 türkdilli dövlət Beynəlxalq Türk Xəbər kanalı yaradacaq

Avqust 19
16:34 2015

Prezidentin köməkçisi hesab edir ki, kanalın yaradılmasından sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzu artacaq.

“Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının əsasında nəinki regionda, eləcə də bütün dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının qurulması ehtiyacı dayanır”.

“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov xatırladıb ki, kanalın Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılma ideyası türk dövlətlərinin liderləri tərəfindən dəstəklənmişdi. O qeyd edib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək, baş verən hadisələrə dair öz versiyasını təqdim edəcək. Ə. Həsənov kanalın yaradılması ilə bağlı Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında birgə sənəd imzalandığını söyləyib: “Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib”.

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dövləti və prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyir: “Azərbaycan informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi töhfə vermək üçün türkdilli dövlətlərlə iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazırdır”.

Prezidentin köməkçisi kanal yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzunun artacağına əmindir. Birgə kanalın yaradılması isə regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, Beynəlxalq Türk Xəbər Kanalı nəinki bu kanalı yaradan 4 ölkədə, eyni zamanda, Rusiya, İran kimi qonşu dövlətlərdə də baş verən hadisələri obyektiv və müstəqil şəkildə işıqlandıracaq.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər