PKK-ya silah verib, Zərrabla Ərdoğana təzyiq… – Millət vəkili
2. 946 dəfə baxılıb
ABŞ-da bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı tətbiq edilən sanksiyaların pozulması ittihamı ilə həbs olunan əslən azərbaycanlı milyarder Rza Zərrabın son etirafları və ümumiyyətlə, bu məsələnin hüquqi və siyasi tərəfləri ilə bağlı Selefxeber.az saytı, hüquqşünas, millət vəkili Fazil Mustafanın “Axar.az”a verdiyi müsahibəsini təqdim edir:
– ABŞ-da baş tutan Rza Zərrab məhkəməsi Türkiyə əleyhinə olan bir prosesə çevrilirmi?
– Rza Zərrab xeyli müddətdir ki, ABŞ həbsxanasında saxlanılır. Hesab edirəm ki, onun bu müddət ərzindəki psixoloji vəziyyəti əsas götürülərək Türkiyə əleyhinə ifadə verməyə məcbur edilməsi istiqamətində ciddi işlər görülüb. Əslində bu, gözlənilən idi. Bu, həm də Qərb dünyasında hüquq meyarlarının müəyyən mənada nələr etdiyinin göstəricisidir. Ancaq bunun Türkiyə üçün böyük bir zərəri olmayacaq. Çünki Türkiyədə açıq şəkildə çevriliş hazırlayan qüvvələr yenə nələrsə etməyə çalışsalar da, bu, o qədər də effektli olmayacaq. İnanmıram ki, ABŞ Rza Zərrabın son açıqlamalarından hansısa xüsusi dividentlər götürməyə çalışacaq. Çünki Türkiyə artıq güclü bir dövlətdir və qardaş ölkəni bu formada hüquqi təzyiqlərlə zəiflətmək mümkün deyil. Hətta bunu hərbi təzyiqlərlə bacara bilmədilərsə, hüquqi təzyiqlərlə heç cür istəkləklərinə nail ola bilməyəcəklər. Çünki bu, sadəcə mümkünsüzdür.
– Rza Zərrabın hüquqlarının müdafiəsində hələ də türkiyəli vəkillərin iştirak etməməsi diqqət çəkir. Ortada Türkiyə dövləti və hakimiyyəti ittiham edilirsə, türkiyəli vəkilin prosesə qoşulmasına niyə imkan verilmir?
– Rza Zərrabın özünə türk vəkillər tələb etməyə ixtiyarı var və o, hazırda da xarici vəkillərdən imtina etmək hüququna sahibdir. Əslində, bu ittiham olunan şəxsin seçimidir. Ancaq görünür, onu qeyri-rəsmi şəkildə türk vəkillərindən imtina etməyə məcbur ediblər. Çünki vəkil seçimi birbaşa onun özünə aid olan məsələdir, buna dövlət qarışa bilməz.
– Onun məhkəmənin gedişindəki sensaion açıqlamaları, ən əsası da Türkiyədə bütün bu işləri iqtisadiyyat naziri və daha bir neçə rəsmilərlə gizli ortaqlıqla həyata keçirdiyinə dair “etirafları” nə dərəcədə hüquqi əsaslara malikdir və onun bu ifadəni basqı qaltında vermədiyi necə sübut ediləcək?
– Bundan sonra da istənilən sensasiya xarakterli açıqlamalar ola bilər, ancaq deyilənlər sübut olunmalıdır. Çünki istənilən adama iynə də vurub, ona hansısa bir fikri təlqin edib, danışdıra bilərlər. Ona görə də bu ciddi yanaşma sayılmaz. Hüquqda belədir ki, əgər iş məhkəmə prosesində sübuta yetirilərsə və şahidlər vasitəsilə təsdiq olunarsa, yalnız onda verilən ifadələr hər hansı bir şəkildə sübut kimi qəbul oluna bilər. Ancaq şahid ifadələri ilə təsdiq olunmursa, yaxud da deyilənlərin əsaslandırılmış video, vizual görüntüləri yoxdursa, verilən ifadənin heç bir əhəmiyyəti qalmır. Ona görə də, əlbəttə, Rza Zərrab son açıqlamaları elə birbaşa basqı altında verib. Çünki indiyə qədər ifadə verməyən bu şəxsin birdən-birə “dilinin açılması” şübhəli görünür. Bu işin arxasında müəyyən dərəcədə qəbul olunan bir qeyri-rəsmi təzyiq durur. Quantanamo həbs düşərgəsində Əl Qaidə üzvlərinin işgəncələrə məruz qalması ilə bağlı faktlar aşkar olunanda Amerika cəmiyyətində belə bir fikir doğdu ki, onların verdiyi ifadələrin bir çoxu hüquqi cəhətdən əsaslandırılmış ifadələr olmaya da bilər. Çünki onlar bu ifadələri işgəncə altında veriblər. Bu cür ifadələr isə sonradan fərqli qiymətləndirilir. O baxımdan da güman etmirəm ki, Zərrabla bağlı məsələ Amerika ədalət sistemi üçün uğurlu bir gediş sayılsın.
– Fazil müəllim, bu olayın arxasında Türkiyəni sanksiyalara məruz qoymaq siyasəti dura bilərmi?
– Bütün hallarda Rza Zərrab olayı Türkiyəni hansısa formada təzyiq altında saxlamağa xidmət edir və başlıca hədəf birbaşa Türkiyədir. Əslində, faktiki olaraq cinahlararası savaşdır. Türkiyə artıq NATO, ABŞ və Avropa tərəfindən qarşılaşdığı xəyanətin güdazına getmədi, xüsusilə də qurbanına çevrilmədi. Çünki Türkiyə xalqı hvə akimiyyəti bu qardaş ölkəyə yönəlik çevriliş cəhdlərinin qabağında dura bildi. Bundan sonra plan isə təxminən belədir: Türkiyə hakimiyyətini və Türkiyəni zəiflətmə siyasətini yeritmək. Rza Zərrab olayı bir tərəfə, təsəvvür edin, ABŞ PKK-nı dəstəkləməsi kimi artıq faktla sübut olunan hadisələrin içindən özünə bəraət qazandıraraq çıxmaq düşüncəsində belə deyil, hətta açıq-aşkar dünyanın gözü qarşısında terrorçulara dəstəyini davam etdirir. Belə bir vəziyyətdə Türkiyə yeni bir seçim qarşısındadır, Rusiya, Çin və digər dövlətlərlə daha sıx əməkdaşlığa getmək məcburiyyətindədir. Bunun da əsas səbəbi müttəfiqlik prinsipinə əməl edilməməsidir. Ona görə də Türkiyəyə qarşı aparılan bu siyasət heç də hüquqi baxımdan ABŞ-ın faydasına deyil. Çünki ABŞ-ın ədalətsizlik etməsi fonunda başqa bir dövlətdən ədalət tələb etməsi müəyyən problemlərə yol açacaq.
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında Rza Zərrab olayının Türkiyəyə qarşı təşkil olunmuş qaralama kampaniyası olduğunu, ölkəsinin ABŞ qarşısında İranla ticarət əlaqəsi qurmayacağına dair öhdəlik götürmədiyini bildirib. Türk rəhbərin bu açıqlamasından hansı qənaətə gəlmək olar?
– Hesab edirəm ki, Türkiyə öz mənfəəti naminə İran, Suriya və ABŞ-la istənilən açıq və gizli əlaqəni qurmaq hüququna, haqqına sahibdir. Bunu hər bir dövlət edir. Əgər demokratik bir dövlət – ABŞ terrorçuları dəstəkləyirsə və PKK-ya silah verirsə, bu o deməkdir ki, bütün dövlətlərin özünü qorumaq üçün hər cür addımı atmağa ixtiyarı var. Hesab edirəm ki, Türkiyə məhz bu məsələdəki mövqeyində tam haqlı olduğundan, qardaş ölkəyə qarşı aparılan məkrli siyasət və şantajlar heç bir effekt vermir.