Trampın Qüds ssenarisi incələndi – Maraqlı detallar
5. 430 dəfə baxılıb
Trampın qərarı daha çox özünümüdafiə instiktindən qaynaqlanır. Çünki prezident kürsüsünə sahibləndiyi ilk gündən Donald Trampın hakimiyyətdən getməsi üçün zəmin hazırlanır. Media ona qarşıdır. Hərbi-sənaye kompleksi, maliyyə institutları Trampın prezidentliyi ilə barışa bilmirlər.
Selefxeber.az xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında tanınmış politoloq Elçin Mirzəbəyli ABŞ Prezidenti Donald Trampın az öncə Qüdsü İsrailin paytaxtı elan etməsi və səfirliyin ora köçürülməsi ilə bağlı Dövlət Departamentinə tapşırığını şərh edərkən deyib. Politoloq bildirib ki, Trampın miqrantlara qarşı açdığı savaş ölkədəki böyük etnik qrupları, xüsusilə də islandilli əhalini ona qarşı çevirib:
“ABŞ-dakı böyük diaspor qrupları Trampa rəğbət bəsləmirlər. Tramp adminstrasiyasının xarici siyasəti də faktiki uğursuzluğa düçar olub. Suriyada ABŞ öz mövqelərini əldən verib. İraqda Kürd Muxtariyyəti ilə bağlı proses iflasa uğrayıb. Qətər Vaşinqtonun təsir dairəsindən tamamilə çıxıb. Qondarma ərəb rejimləri regionda Türkiyə, Rusiya və qismən də İranın istiqamətləndirdikləri proseslərə qarşı alternativ ortaya qoymaq gücündə və potensialında deyillər. Şimali Koreya ilə bağlı ritorika da diqqəti Tramp adminstrasiyasının uğursuzluqlarından yayındırmaq üçün yetərli olmadı”.
Politoloq qeyd edib ki, bütün bunların fonunda Trampın qərarı yəhudi lobbisinin dəstəyini qazanmağa xidmət edir:
“Bununla yanaşı, Trampın Fələstin problemi ilə bağlı öz ssenarisi var. “ABŞ İŞİD-i Sina yarımadasına gətirmək istəyir” iddiası ilə çıxış edənlər yanılmırlar. Ağ Ev Sina yarımadasının hesabına Fələstin problemini çözmək istəyir. Bununla bağlı çox güman ki, ərəb rejimləri ilə də razılıq əldə olunub. Sina yarımadasında antiterror əməliyyatları həyata keçiriləcək. Daha sonra həmin ərazi Fələstin dövlətinə veriləcək. Bununla da Tramp həm də yəhudilərin dəstəyini qazanacaq, Fələstin problemini “həll etmiş” bir şəxs kimi nüfuzunu artıracaq və hakimiyyətini möhkəmləndirəcək. Amma bu, birtərəfli qaydada təqdim olunan ssenaridir. Bu qərar çox güman ki, Türkiyə-ABŞ münasibətlərini qırılma nöqtəsinə gətirəcək. Zərrabla bağlı hadisələr müstəvisində Türkiyəyə qarşı oynanılan oyunların məhz Qüdsün tanınmasından qısa müddət öncə baş verməsi təsadüfi deyil. Bu hadisə regionda anti-Amerika əhval-ruhiyyəsini gücləndirəcək. Bu prosesdə Pakistanın da aktiv iştirak edəcəyi istisna olunmur. Çox güman ki, Əfqanıstanda Talibanın mövqeləri daha da güclənəcək”.
E.Mirzəbəyli vurğulayıb ki, Tramp bu addımı ilə real dini qarşıdurma vəziyyəti yaratdı:
“Bəzi Qərb liderlərinin buna etiraz etməsi onların baş verə biləcək hadisələri proqnozlaşdırmaları ilə bağlıdır. Avropada böyük müsəlman icması yaşayır. Çox güman ki, bu hadisə onları da aktivləşdirəcək. Olduqca mürəkkəb bir vəziyyət yaranıb. Bu ağılsız qərar çox böyük faciələrə yol aça bilər”.