Lavrov gəlir – Bakının sülh şərtləri nədir? (Şərh)
3. 865 dəfə baxılıb
Rusiya XİN rəhbəri Sergey Lavrovun gəlişi Qarabağ münaqişəsinin həll edilməsi üçün tərəfləri müəyyən razılaşmaya gətirmək məqsədi daşıyır. Doğrudur, Lavrov bu məsələdə o qədər də arzuedilən şəxs deyil. Amma baş verən proseslər sülhyaratma prosesinə yeni bir dinamizm verilməyə çalışıldığından xəbər verir. Bunun nə ilə nəticələcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, amma hər nə olsa da, Azərbaycan öz mövqeyində prinsipiallığını qoruyub saxlayacaq.
Selefxeber.az “Eurasiadiary.com”a istinadən nəql edir ki, bu sözləri politoloq Qabil Hüseynli Ərdoğan və Putinin Soçi görüşündən sonra səfər turlarına start verilməsinin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, Nalbəndyanın dərhal Moskvaya çağırılması ortada ermənilərin mövqelərini korrektə etmək məsələsi olduğu anlamına gəlməlidir:
“Şübhəsiz ki, Ərdoğan və Putin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Çünki bu görüşün heç də bütün məqamları mətbuata açıqlanmayıb. Bu həm ikili münasibətlərə, həm də bölgədəki problemlərə aiddir. Görüşdən bir gün sonra Nalbəndyanın Rusiyaya çağırılması bu məsələ ilə bağlı onu mütləq təlimatlandıracaqlarından xəbər verir. Artıq 5 rayon məsələsi kifayət qədər real görünür. Azərbaycan hətta təkidlə 7 rayonun da qaytarılmasını tələb edə bilər. Amma Rusiya 5 rayonun Azərbaycana qaytarılması məsələsində Ermənistanın da razılığını alıb və bunu Rusiya mətbuatı qeyd edir. Bundan başqa, Məmmədyarovla da görüşün sözsüz ki, müəyyən diqqətçəkən məqamları var.
Bunlar əsasən, Azərbaycandan müəyyən güzəştlər qoparmaq xarakteri daşıyır. Bu güzəştlər əlbəttə ki, sırf Dağlıq Qarabağın status məsələsi ilə bağlı olacaq. Zənnimcə, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, Azərbaycanın üzərinə Avrasiya və KTMT-yə üzv olması ilə bağlı öhdəliklərin qoyulması qətiyyən olmayacaq. Bu gündəmdə olan məsələ deyil. Çünki əsasən ermənilərin istədiyi və Rusiyanın da gerçəkləşdirməyə çalışdığı məsələ Dağlıq Qarabağa keçici status verilməsidir. Lakin Azərbaycan bu məsələdə də güzəştə getmək fikrində deyil. Çünki Prezident İlham Əliyevin YAP-ın 25 illik yubiley tədbirində çıxışı zamanı bu məsələdə Azərbaycanın mövqeyini bir daha xatırladaraq, ərazi bütövlüyünün pozulması ilə nəticələnəcək hər hansı bir yolun bizim üçün məqbul olmadığını xüsusi vurğuladı”.
Politoloq qeyd edib ki, keçici status Dağlıq Qarabağı Azərbaycanın tabeliyindən çıxara və onu tamamilə başqa bir mərhələyə daşıya bilər:
“O səbəbdən də bu məsələdə Azərbaycanın Rusiya və Ermənistanla razılaşacağını düşünmürəm. Amma Azərbaycan keçici status məsləsini bölgəyə neytral sülhməramlı qüvvələrin gəlməsi ilə də əvəz edə bilər. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmaqla, təhlükəsizlik məsələlərini həll etmək üçün bölgədə, məsələn, Finlandiya, Almaniya, Belçika və s. ölkələrin sülhməramlı qüvvələri BMT-nin verdiyi mandat əsasında sırf Dağlıq Qarabağ sərhədləri boyunca yerləşdirilə bilər. Bu qüvvələrin fəaliyyəti əsasən, Azərbaycanın bütün işğal edilmiş əraziləri qaytarılana, bölgədəki proseslər səngiyənə və iqtisadi mədəni-əlaqələr canlanana kimi hər hansı bir qarşıdurmanın qarşısını almaq üçün nəzərdə tutulmalıdır. İkitərəfli münasibətlərin formalaşması və Ermənistanın da regional layihələrə qoşulmasına imkan yaradıldıqdan, xüsusilə Ermənistanın blokadası götürüldükdən sonra məsələlər daha intensiv və sürətli xarakter ala bilər”.
Politoloq qeyd edib ki, burada hər şey Ermənistanın davranışlarından asılıdır:
“Ermənistan əgər hadisələrin bu cür gedişini sabotaj etməsə, proseslər böyük sülh sazişinin bağlanmasına istiqamətlənəcək. Dağlıq Qarabağın statusu məsələsində isə Azərbaycan öz ərazi bütövlüyü daxilində Dağlıq Qarabağa ən yüksək, yəni respublika statusunun verilməsinə razıdır. Respublika statusunun bir sıra genişləndirilmiş hüquqları nəzərdə tutulacaq və bu hüquqlardan istifadə edərək burada yaşayan insanlar öz prezidentlərini, polis-asayiş qruplarını yarada bilər, amma xarici siyasət, müdafiə və sərhədlərin qorunması məsələsi mütləq Azərbaycanın ixtiyarında olmalıdır. Bütün bunlar Azərbaycanın konseptual yanaşmasının ayrı-ayrı elementləridir”.
Qeyd edək ki, Ərdoğan və Putin noyabrın 13-də Soçidə qapalı görüşündən sonra Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı, noyabrın 16-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına gedəcək, 20 noyabrda isə Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək.