5 düşmən hərbçisi məhv edilib, 1 əsgərimiz şəhid olub
879 dəfə baxılıb
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.
Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)