5 erməni hərbçi öldürülüb, 8-i yaralanıb – Rəsmi
816 dəfə baxılıb
Düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.
Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.
Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb.
Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Düşmənin atəşi nəticəsində biz tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtissaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.
Şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir.
Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaqdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)