Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Azərbaycan Ordusunun yaranmasının 97-ci ili

İyun 26
17:21 2015

1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaranıb.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 97 il ötür.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə , Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.

Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad olub.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər