Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin): “Ermənistan sülh istəmir”
947 dəfə baxılıb
“Ötən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan özünü qeyri-səmimi aparıb”.
“Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.
Dövlət başçısı bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən qeyri-müsəlmanlar sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər qeyri-müsəlmanlar birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı, İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara qeyri-müsəlmanlar üzərində qələbə çalmağa kömək edir”. (Bax: “Təfsir Əs-Saadi”)