Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
1. 204 dəfə baxılıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 5-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Sələf Xəbər”in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirlikdə qəbul edilən türkiyəli general protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Z. Həsənov regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Müdafiə naziri fəaliyyətlərin dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq olunmuş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcəyini vurğulayıb.
Z. Həsənov Türkiyə Jandarma Qüvvələri Baş komandanının Azərbaycana səfərinin əlaqələrin daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.
Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)
Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!