Bakıda İslam bankçılığı imkanları müzakirə ediləcək
724 dəfə baxılıb
Tədbirin təşkilatçıları Azərbaycandakı tərəfdaşları ilə bu barədə danışıqlar aparır.
2016-cı ilin aprel ayında Bakıda VII Dünya İslam bankçılığı konfransının (The World Islamic Banking Conference – CIS) keçirilməsi planlaşdırılır.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, tədbirin təşkilatçıları Azərbaycandakı tərəfdaşları ilə bu barədə danışıqlar aparır: “Konfransda xarici ölkələrin 500-yə yaxın nümayəndəsinin, eyni zamanda, Fars körfəzinin 30 ölkəsinin İslam banklarının və maliyyə institutlarının təmsilçilərinin iştirak edəcəyi gözlənilir. Konfrans aparıcı İslam banklarını Azərbaycana cəlb edəcək, həm də yeni imkanlar və birgə layihələrin reallaşdırılmasının müzakirəsinə imkan verəcək. Tədbir eyni zamanda, MDB və Fars körfəzi ölkələri arasında iqtisadi əlaqələrin yaradılmasına da şərait yaradacaq. Konfrans həm də 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından əvvəl Azərbaycanın İslam ölkələrində daha yaxşı tanınmasına imkan yaradacaq”.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankinqi və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.