Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsi qəbul edilib

Oktyabr 21
14:38 2015

“Sələf Xəbər”in president.az saytına istinadən məlumatına əsasən Prezident İlham Əliyev (Allah onu qorusun) Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib.

Səfir Mohamed Hamel Alqubaisi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Hamel Alqubaisi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq ölkələrimiz arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu dedi. Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd etdi.

Səfir Mohamed Hamel Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini dedi. Mohamed Hamel Alqubaisi qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirdi və münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.”(Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Allah-Təala buyurur ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər