Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

DİN-in Nardaran hadisələri ilə bağlı rəsmi məlumatı

Noyabr 27
16:35 2015

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən hadisələrlə bağlı rəsmi məlumat yayıblar.

“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, məlumatda deyilir:

“Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.

Müəyyən olunmuşdur ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir”.

Sələf Xəbər: Uca Allah əmr edir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Qurani-Kərim, “Nisa” surəsi, 59)

Rəhbərlərin rəhbərliyini qəbul etmək, təsdiqləmək və bundan irəli gələn eşitmək və itaət göstərmək, yaxşı işlərdə tövsiyə etmək kimi məsələlər Sələfi dəvətinin əsaslarından biridir. Çünki həm dini, həm də dünyəvi məsləhətlər bu yolla gerçəkləşmiş olur.

Sələflərin rəhbərlərə münasibəti haqda bir çox qaydalar mövcuddur. Həmin qaydalardan ən önəmlisini sizin diqqətinizə çatdırırıq:

“Hakimiyyətdə olan müsəlman rəhbərə beyət etmək vacibdir. Beyət etməyən (rəhbərliyi qəbul etməyən) kimsənin şiddətli qınanması, beyəti pozmamaq barədə xəbərdar edilməsi vacibdir. İmam Müslimin “əs-Səhih” əsərində rəvayət etdiyi hədis buna dəlalət edir. Rəvayətdə deyilir ki, Abdullah bin Ömər (Allah ondan razı olsun) Yezib bin Müaviyənin vaxtında baş verən Hərra döyüşü ərəfəsində Abdullah bin Mutinin yanına gəldi. Abdullah bin Muti dedi: “Əbu Əbdürrəhmana (İbn Ömərə) döşəkçə verin.” İbn Ömər dedi: “Mən oturmaq üçün gəlməmişəm. Mən gəlmişəm ki, sənə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) eşitdiyim bir hədisi danışam. Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişəm: “Kim rəhbərin itaətindən imtina edərsə, Qiyamət günü Allahla qarşılaşanda heç bir sübutu olmaz. Kim beyəti olmadan ölərsə, cahiliyyət ölümü ilə ölmüş olar.

Digər xəbərlər