Ermənistanla sərhəddə divar çəkilir
767 dəfə baxılıb
Tovuzun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində düşmən güllələrindən qorunmaq üçün divarlar hörülür.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Tovuz rayon İcra Hakimiyyətindən qərb bürosuna bildirilib ki, tikintisinə bir neçə il əvvəl başlanılan divarların inşası davam etdirilir.
Məlumata görə, bu, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi (ARRA) tərəfindən həyata keçirilir. Bir neçə il əvvəl inşasına başlanılan divarlar əsasən sosial, təhsil obyektlərini və təmas xəttinə yaxın olan evləri güllədən qorumaq funksiyasını yerinə yetirir. İcra Hakimiyyətindən bildirilib ki, Tovuzun Hacallı kəndində 500 metrə kimi belə divar hörülüb. Əlibəylidə isə 700-800 metr hörülsə də bu iş davam etdirilir. Tovuzun düşmənlə sərhədində yerləşən Ağdam kəndində də belə divarların inşası nəzərdə tutulur.
Qoruyucu divarların hündürlüyü 4 metr eni isə 80 santimetrdir.
Qeyd edək ki, Tovuzun Əlibəyli kəndi Ermənistanla təmas xəttinə ən yaxın olan yaşayış məntəqəsidir. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində bu kəndə tez-tez mülki şəxslər yaralanır.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).