Əsgərimiz şəhid olub – Düşmənə ağır zərbə vurulub – RƏSMİ
731 dəfə baxılıb
Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.
Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.
Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)Uca Allahdan dünyasını dəyişən hərbçimizə rəhmət diləyirik!